Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” qaz yatağının işlənməsini təmin edən Gürcüstan ikinci mərhələdə tranzit üçün hər il 1 milyard kubmetrə yaxın qaz alacaq.
Oxu.Az Bakupost-a istinadən xəbər verir ki, bu haqda məlumatı gürcü KİV-nə Gürcüstan energetika naziri Kaxa Kaladze verib.
O, bu məlumatı energetik məsələlər üzrə avrokomisar Günter Ottingerlə görüşdən sonra verib.
““Şahdəniz-2” layihəsinin realizəsi ilə qaz-boru kəmərinin ötürmə qabiliyyətini 16 milyard kubmetrə qədər artırmaq imkanımız olacaq. Bu, bizim üçün çox vacibdir, belə ki, tranzit edilən qazın 5%-i Gürcüstanda qalacaq, bu isə 1 milyard kubmetrə bərabərdir” – deyə Kaladze bildirib.
“Şahdəniz” yatağının qaz ehtiyatı 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir.
Bu yatağın istismarı haqqında müqavilə 1996-cı ildə imzalanıb. Sazişin iştirakçıları 16,7% payla SOCAR, Britaniya BP (28,8%), Norveç Statoil (15,5%), İran NİCO (10%), Fransa Total (10%), Rusiya Lukoil (10%), Türkiyə TRAO (9%) kimi şirkətlərdir.
Gürcü naziri eləcə də, Gürcüstanın Avropa “Energetika birliyinə” daxil olması haqqında danışıqların başlandığını bildirib.
“Ötən il, biz birliyə daxil olmaq üçün ərizə verdik. Artıq bu istiqamətdə danışıqlar başlayıb” – deyə o, qeyd edib.
“Energetika birliyi” təşkilatının məqsədi cənubi-şərqi Avropada AB-nin direktivlərinə və energetik birliyin xartiya prinsiplərinə əsaslanan rəqabət qabiliyyətli və şəffaf regional bazarın yaradılmasıdır. Təşkilatın əsas məqsədi AB-nin energetik bazarla effektiv şəkildə inteqrasiyasıdır.