"Təhlillərimiz göstərir ki, "Büdcə zərfi", o cümlədən qanun layihəsi "Büdcə sistemi haqqında" Qanuna uyğun tərtib edilib və layihədəki göstəricilər əsasən düzgün proqnozlaşdırılıb".
Oxu.Az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sədr bildirib ki, Hesablama Palatasının əvvəlki rəylərində qeyd olunan əksər məsələlər "Büdcə zərfi"ndə tam və ya qismən nəzərə alınıb:
"Bundan əlavə, rəyin hazırlanması prosesində müvafiq dövlət orqanları ilə müzakirələr əsasında "Büdcə zərfi"nin ilkin layihəsinə düzəlişlər edilib. Bununla yanaşı, qanun layihəsinin 7-ci və 15-ci maddələri üzrə təkmilləşmələrin aparılmasına ehtiyac olduğu qənaətinə gəlmişik. Hesab edirik ki, bu məqamlar təsdiq edilmiş büdcədə və ya növbəti ilin büdcəsində diqqətdə saxlanılacaq.
Yeni büdcə layihəsi ölkənin ortamüddətli dövr üçün əsas strateji çağırışlarını, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın, o cümlədən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın sonuncu il üzrə tədbirlərinin maliyyələşdirilməsini ehtiva edir. Həmçinin layihədə rəqəmsal iqtisadiyyat və süni intellekt kimi qabaqcıl konsepsiyaların maliyyələşdirilməsi nəzərdə tutulur.
Rəydə strategiyanın büdcə sənədləşməsində nəzərə alınması vəziyyətinə münasibət bildirilib. Qiymətləndirmələrimizə görə, strategiyanın makrofiskal göstəriciləri proqnozlara, həmçinin tədbirlərin əksəriyyətinin maliyyə təminatı icraçı qurumların büdcələrinə tam və ya qismən daxil edilib. Lakin bir çox tədbir üzrə qeyri-maliyyə xarakterli məlumatlar təqdim olunmayıb.
Məlum olduğu kimi, cari ildə büdcə qaydasının fəlsəfəsində dəyişiklik edilib. Qaydanın birinci göstəricisi olan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti hesablamalarımıza əsasən müvafiq hüquqi aktlarda müəyyən edilən göstəricidən bir qədər çoxdur. Hesab edirik ki, qaydada aparılan dəyişikliklər həmin hüquqi aktlara yenidən baxılmasını zəruri edir. Qaydanın digər göstəricisi olan dövlət borcunun ÜDM-ə nisbəti isə müəyyən olunmuş hədəflər çərçivəsindədir".
V.Gülməmmədov əlavə edib ki, təbii resurslardan əldə edilən gəlirlərə qənaət və xərclərin optimallaşdırılması fiskal intizamın gücləndirilməsini tələb edir:
"Bu əsasda hesab edirik ki, vacib olan fiskal intizamı təmin edən büdcə qaydasının zamanla sərtləşdirilməsi gücləndirilməlidir. Mövcud qayda daha çox qeyri-neft ÜDM-in həcminə və nominal artımına, habelə qeyri-neft gəlirlərinin artımına kökləndiyindən müsbət nəticələr verir.
Növbəti il üçün real artım tempi 2,9%, nominal ÜDM həcmi isə 134.1 milyard manat olmaqla tarixən ən böyük göstərici kimi proqnozlaşdırılıb. Dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28.6%, icmal büdcə gəlirlərinin ÜDM-ə nisbəti isə 33.4% səviyyəsində gözlənilir.
Gələn il iqtisadi artımın tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin ediləcəyi nəzərdə tutulur. Tərtib olunmuş proqnozlar strategiyada müəyyən edilmiş hədəflərlə - 2021-ci ilə nisbətən 2026-cı ildə iqtisadiyyatın 1.2 dəfə, qeyri-neft-qaz iqtisadiyyatının isə 1.3 dəfə artması ilə - üst-üstə düşür. Bu artımın əsasən nəqliyyat, tikinti, informasiya və rabitə sahələri hesabına təmin ediləcəyi proqnozlaşdırılır".
O qeyd edib ki, qarşıdakı illərdə fiskal diaqnostika alətlərinin tələbləri nəzərə alınmaqla "Büdcə zərfi"nə daxil edilən məlumatların siyahısının, çeşidinin və keyfiyyətinin artırılmasına və maliyyə məlumatlarının qeyri-maliyyə məlumatları ilə müşayiət olunmasına ehtiyac var:
"Qanun layihəsinə dair İzahatda fiskal risk kimi qiymətləndirilən amillərin tərkibi genişləndirilib. Əvvəlki ildən fərqli olaraq, xarici iqtisadi mühit və ticarət tarifləri, habelə dayanıqlı pensiya təminatı sisteminin formalaşdırılması ilə bağlı çağırışlar da fiskal risklər kimi göstərilib. Biz bu riskləri bölüşürük.
Eyni zamanda, bildiririk ki, "Büdcə zərfi"ndə yalnız neftin qiyməti üzrə ssenarilər əsasında fiskal parametrlər şərh edilib. İqtisadiyyatın qeyri-neft-qaz sektoru, eləcə də inflyasiya üzrə risklər və ssenarilər barədə də açıqlamaların verilməsini təklif edirik".
Məhərrəm Əliyev