Azərbaycanda ümumi kreditin 41%-i istehlakçı kreditinin payına düşür və bu göstərici ölkənin Mərkəzi Bankının qəbul etdiyi tədbirlərə baxmayaraq artmaqda davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə “Exo” qəzetinə “İqtisadi təşəbbüslərə dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev danışıb.
Xatırladaq ki, bu il Azərbaycan bankları üçün istehlakçı kreditərinin verilməsi şərtlərinin sərtləşməsi ilə yaddaqalan oldu. Və Mərkəzi Bankın bu “əjdaha” tədbirlərinin tətbiq edilməsinin əsas arqumenti ölkənin bank portfellərində vaxtı keçmiş, bəzən isə təminatsız kreditlərin sayının artması idi.
Bu xüsusilə istehlakçı kreditlər sferasına aid idi.
Bəzi istehlakçılar kredit məsuliyyətinə yetərincə məsuliyyətsiz yanaşırlar və düşünmdən kredit götürürlər. Krediti götürməyə dəyərmi sualını isə özlərinə heç vermirlər. Belə düşünülməmiş addımlar ailə büdcəsində neqativ şəkildə özünü büruzə verir.
Azərbaycanda təklif edilən istehlakçı kreditlərinin spektrı o qədər genişdir ki, sanki həyatda baş verəcək bütün hallar üçün nəzərdə tutulub: mebel və məişət texnikası, kompüter, mobil telefon, təmir, istirahət, müalicə və hətta şəxsi tələblər üçün kredit almaq olar. Bundan başqa bank kreditləri üçün əhalinin müxtəlif təbəqəsindən olan nümayəndələr cəlb edilir – tələbələr, təqaüdçülər, hətta evdar xanımlar belə unudulmayıb. Məntiqə görə tələbə üçün valideynlər, təqaüdçülər üçün qayğıkeş övladlar, evdar xanımlar üçün isə işləyən ərləri kredit ödəyəcək.
Doğrudur, prinsipial şəkildə kredit götürməyənlər də var, amma bankdan pul götürənlərin sayı daha çoxdu.
Qeyd edək ki, istehlakçı kreditləri vətəndaşlara (ev təsərrüfatlarına) istehlak əşyaları almaq üçün verilir. Adətən istehlakçı kreditləri lazım olan yox, olmasa da keçinə biləcəkləri əşyalar üçün götürülür.
Deyək ki, ailəsinin maddi təminatlarını ödəməkdə çətinlik çəkməyən, iş günlərində metrodan istifadə edən orta-statistik azərbaycanlı, kreditə avtomobil almaq fikrinə düşür. Hesablayır ki, məvacibinin yarısını kreditə verəcək, qalanını isə ailəsinin ehtiyaclarına sərf edəcək. Bir neçə illik kredit, amma bir il və ya bir az da tez işini itirir. Kredit isə qalır, artıq onun ödənməsi üçün məvacibin yarısı yoxdur. Nəzərə almaq lazımdır ki, iş gözlənilmədən itə bilər, kredit isə qalacaq.
Kredit götürməyi qərara alanda “B planını”da nəzərə almaq lazımdır – yəni borcların gözlənilməz fors-major hallarda necə ödəniləcəyini də düşünmək lazımdır. Amma “hər şey və indi” əldə etmək şansı var ikən, bunu az adam düşünür.
Oxu.Az bakılılar arasında nə üçün kredit götürdüklərini və “kredit” yükü ilə necə yaşadıqlarını öyrənmək üçün kiçik sorğu aparıb. Həmvətənlərimizin kredit əzablarından ən maraqlılarını nəzərinizə çatdırırıq.
Bizim birinci qəhrəmanımız Bakının sanballı otelinin camaşırxanasında işə düzəlir və o dəqiqə banka kredit götürməyə qaçır. Axı o artıq əvvəlki kimi geyinə bilməz, ona görə də qarderobunu təzələməlidir. Bir müddət sonra əmək müqaviləsinin vaxtı bitir və otelin rəhbərliyi müqaviləni uzatmaq istəmir. Qadın işini itirir və uzun müddət işsiz qalır. İşsiz olduğu üçün ərinin və qızının məvacibindən ibarət ailə büdcəsindən müəyyən miqdarı ayırıb krediti ödəməyə çalışır.
Başqa bir əhvalat 11-ci sinfi bitirən qızına yaxşı qiymətlər üçün ona arzuladığı smartfonu alacağına söz verən ana haqqındadır. Təbii ki, bu işdə yardıma bank krediti gəlir. Sevinci isə uzun sürmür, qızı Ali məktəbin ödənişli bölməsinə qəbul olunur. Məvacibi o qədər də yüksək olmayan ana həm təhsil, həm də telefon üçün pul ödəməli olur. O, indi də bütün qohum və tanışları kredit götürməməyə çağırır.
Başqa problemlər də yaranır, bir dəfə kredit götürən adamda psixi asılılıq yaranır, onda rahatlıq illüziyası yaranır. Artıq imtina edə bilmir və hətta bəzən digər bankdan kredit götürməyə də cəhd edir. Sonra isə bu qapalı çevrədən çıxa bilmədikləri üçün bir bankın kredit borclarını ödəmək üçün digər bankdan kredit götürürlər.
“İqtisadi təşəbbüslərə dəstək” İctimai Birliyinin eksperti Samir Əliyevin “Exo” qəzetinə dediyi kimi, vətəndaşların mentallığı üzündən istehlakçı kreditlərinə olan maraq həmişə yüksəkdir.
“Adətən bu kreditlər cehiz almağa, məişət və texnika almağa, eləcə də toy və ya digər tədbirlərin keçirilməsinə sərf edilir” - o deyib.
Bəzən isə kredit başqalarından heç də əskik olmadığını sübut etmək üçün götürülür.
Borc bataqlığı təsəvvür etdiyinizdən daha dərin ola bilər, ordan çıxmaq isə elə də asan olmayacaq. Hər şey isə istehlakçıların “İstəyirəm!” kəlməsi ilə işə başlayır, lakin daxili kalkulyatoru söndürərək özlərinə “Bunu ödəyə biləcəyəmmi?” sualını vermirlər.
İnsanlar bəzən aldıqları məbləği öz məvacibləri ilə müqayisə etmirlər, çoxları isə qazandıqları məvacibə uyğun yaşamır.
“Əhalinin yalnız 20%-i ailə büdcəsini planlayır. Qalan vətənaşlarımız isə gəlirlərini idarə edə bilmirlər”, “Exo” qəzetinə “İqtisadi təşəbbüslərə dəstək” İctimai Birliyinin sədri Nəriman Ağayev deyib.
Planlama bir tərəfə, bəziləri, hətta ailə büdcəsinin hesabatını aparanlar belə azdır.
Xərclərin hesabatını aparmayan, rahat yaşamağa alışan vətəndaşlar üçün bank krediti “tələdəki pendir” rolunu oynayır.
Ona görə də, kredit götürmək üçün müqaviləni imzalamadan öncə onun bütün aspektlərini diqqətlə gözdən keçirin. Əgər borc götürmədən işi həll etmə imkanınız varsa ondan istifadə edin. Yalnız alternativ çıxış yolu olmadıqda kredit təklif edən müəssisələrin xidmətlərindən istifadə edin.
Gülnarə Zeynalova
www.oxu.az