Maliyyə icarəsinin (lizinq) ödənişlərinin ümumi məbləğinə nələrin daxil olduğu müəyyənləşir.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsində əksini tapıb.
Maliyyə icarəsi ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir:
- maliyyə icarəsi obyektinin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən vergi və gömrük rüsumları, həmçinin maliyyə icarəsi müqaviləsinə uyğun olaraq, maliyyə icarəsi obyektinin çatdırılması və istismara verilməsi ilə bağlı digər xərclər;
- maliyyə icarəsinin maliyyələşdirilməsi üçün cəlb olunmuş vəsait üzrə ödənilən faizlər (haqlar);
- icarəyə verənin maliyyə icarəsindən gözlədiyi gəlir;
- maliyyə icarəsi obyekti icarəyə verən tərəfindən sığorta edilibsə, sığorta üçün ödənilən məbləğ;
- icarəyə verənin göstərdiyi əlavə xidmətlərə görə haqq (belə xidmətlərin göstərilməsi maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduqda);
- icarəyə verənin maliyyə icarəsi müqaviləsi üzrə öhdəliklərinin icrası ilə bağlı digər xərclər.
Maliyyə icarəsi ödənişlərinin məbləği və ödənilmə qaydası qanunun tələbləri nəzərə alınmaqla lizinq müqaviləsində müəyyən edilir.
İcarəçinin maliyyə icarəsi ödənişlərinin edilməsi ilə bağlı vəzifələri, maliyyə icarəsi müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, icarəçinin maliyyə icarəsi obyektinə sahibliyə başladığı vaxtdan qüvvəyə minir.
Maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi ödənişlərinin həyata keçirilməsinə maliyyə icarəsi obyektindən istifadə hüququ yarandığı vaxtdan 180 gün keçənədək möhlət verilməsi nəzərdə tutula bilər.
Maliyyə icarəsi ödənişləri bilavasitə icarəyə verənin hesabına köçürüləcək.