2025-ci ilin 10 ayı ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlara 38 lisenziya verilib. Eyni zamanda, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 7 312 icazə reyestrdə qeydiyyata alınıb.
Oxu.Az muxtar respublikanın İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 83.2 faiz, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 173.1 min manat və ya 47.1 faiz artıb.

Hesabat dövründə Naxçıvandan ölkə xaricinə ixracın həcmi 10.3 milyon dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.8 faiz artım deməkdir. Naxçıvan məhsulları cari ildə həm qonşu ölkələrə, həm də Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və İraq bazarlarına çıxarılıb, eləcə də Tacikistan, Suriya və Fələstin kimi yeni ixrac istiqamətləri formalaşdırılıb.

Cari ilin 10 ayı ərzində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 122 istehsal və xidmət sahəsi istifadəyə verilib. Yekunlaşan sahələr üzrə 75 layihəyə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4.5 milyon manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib. Hazırda 90 layihə üzrə işlər davam etdirilir.

Həmçinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti muxtar respublikadan ixrac olunan mallara 411 mənşə sertifikatı verib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.2 faiz artım deməkdir. Hesabat dövründə "CT-1" formalı mənşə sertifikatı 317 ədəd, "Ümumi" formalı mənşə sertifikatı 86 ədəd, "A" forma mənşə sertifikatı isə 8 ədəd təşkil edib.
