"Son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o cümlədən vergi daxilolmalarının artması vergi dərəcələrinin artırılması hesabına deyil, şəffaflaşma və keyfiyyətli inzibatçılıq sayəsində vergitutma bazasının genişlənməsi yolu ilə təmin edilib".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşuna dair müzakirədə bildirib.
"Nəticədə iqtisadiyyatda, xüsusilə də qeyri-neft qaz sektorunda vergitutma bazası genişləndi, büdcənin gəlir və xərclərinin artımı ilə yanaşı əhalinin gəlirləri və müəssisələrin sərmayələri əhəmiyyətli dərəcədə artdı. 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla əhalinin gəlirlərinin ən mühüm mənbəyi olan əmək haqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019-2025-ci illərdə 3 dəfə artıb", - deyə M.Cabbarov bildirib.
Nazir əlavə edib ki, iqtisadi baza genişləndikcə yüksək artım templəri mülayim artım templəri ilə əvəzlənir:
"Ötən ilin 10 ayında qeyri-neft-qaz sektorunda ÜDM-in artım tempi 6.8% olduğu halda, cari ildə artım tempi yavaşıyaraq 3.1%-ə enib.
Bu yavaşımalar demək olar ki, bütün sahələrdə müşahidə olunur. Məsələn, tikintidə artım tempi 15.5%-dən 4.6%-ə, nəqliyyat sektorunda 15.7%-dən 2.4%-ə, turizm sektorunda 11.3%-dən 9.2%-ə, ticarətdə 3.7%-dən 3.3%-ə, rabitə və informasiya sektorunda 12.1%-dən 8.5%-ə enib".
Mərahim Nəsib