“Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair Fərmanı ixracqabiliyyətli məhsul istehsalının genişlənməsinə, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına, eləcə də yerli və xarici bazarlarda rəqabətədavamlı məhsulların çeşidlərinin artırılmasına mühüm töhfə verir”.
Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında nazir Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, bu sənəddə əks olunan dəstək mexanizmləri ilkin istehsal prosesindən başlayaraq məhsulun ixracının reallaşdırılmasına qədər bütün fazaları əhatə edir.
Nazir Azərbaycan prezidentinin müvafiq fərmanı istiqamətində görülən işlərdən danışıb:
“Fərmanın icrası istiqamətində artıq Çinin Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyaları təşkil edilib.
Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və artıq məhsul ixracına başlanılıb. Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib.
Bu ilin ilk ixrac missiyası isə artıq Almaniyaya yola düşüb. İqtisadiyyat Nazirliyi tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir.
Növbəti ixrac missiyaları isə fevralda Pakistan, Əfqanıstan və Qətərə təşkil ediləcək. 2017-ci ildə AZPROMO-nun təşkilatçığı ilə Azərbaycan şirkətləri Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Rusiya və Çində keçiriləcək sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər.
Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə Belarusda ticarət evi yaradılır və işlər 2017-ci ilin birinci rübündə başa çatdırılacaq.
Ukraynada da belə ticarət evi yaradılacaq. Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur”, - deyə Ş.Mustafayev kollegiya iclasında çıxışı zamanı deyib.
U.A.
www.oxu.az