Azərbaycan banklarının vaxtı keçmiş kreditlər problemi hələ də gündəmdədir. İqtisadi vəziyyətin əsas göstəricilərindən biri olan kredit portfelinin problemləri üzrə cari vəziyyət və illər üzrə müqayisə aparılıb.
Bu barədə Oxu.Az Fins.az-a istinadən xəbər verir.
Maraqlı göstəricilərdən biri 2005-ci ildə, maliyyə sabitliyi mövcud olduğu vaxtda belə vaxtı keçmiş kreditlərinin həcminin yüksək olmasıdır. Qeyd edək ki, bütün göstəricilər Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasından əldə olunub.
Belə ki, 2005-ci ilə nəzər saldıqda görürük ki, vaxtı keçmiş kreditlərin həcmi 68 milyon 200 min manat təşkil edir. O dövrə baxdıqda və verilən kreditlərə nəzər yetirdikdə bu həcmin yetəri qədər çox böyük olduğunu deyə bilərik.
2005-ci ildən sonrakı dövrdə də vaxı keçmiş kreditlərin miqdarı ardıcıl artıb. Bu da real sektora verilən kreditlərin düzgün yerləşdirilməməsinin nəticəsidir. 2014-cü ilin oktyabr ayında real sektorda geri qaytarılmayan kreditlərin ümumi həcmi təqribən 866 milyon artaraq 934 milyon 400 min manat olub. Gördüyümüz kimi, aradakı fərq yetəri qədər çoxdur.
2014-cü ilin oktyabr ayına nəzərən 2015-ci ilin oktyabrında vaxtı keçmiş kreditlərin miqdarı yenə də yüksəlib və 1 milyard 302 milyon manat olub. Lakin ilin sonuna doğru yəni, 2015-ci ilin dekabrında ödənilməmiş kreditlərin miqdarı yenidən təxminən 200 milyon artaraq 1 milyard 508 milyon olub.
Ötən dövrə diqqət yetirdikdə isə görürük ki, real sektorda vaxtı keçmiş kreditlərin ən böyük həcmi 2016-cı ilin sentyabrda müşahidə olunub. Belə ki, sentyabrda vaxtı keçmiş kreditlərin miqdarı 1 milyard 597 milyon manat olub. Lakin həmin ilin oktyabr ayında bu göstərici 200 milyona qədər azalaraq 1 milyard 375 milyon manat olub.
Beləliklə, son 3 ilin oktyabr ayı üzrə müqayisəli təhlil göstərir ki, real sektorda vaxtı keçmiş kreditlər üzrə maksimum elə 2016-ci ildə müşahidə olunub.
U.A.
www.oxu.az