Paytaxt Bakıda 20 Yanvar metrosunun yanında ekoloji təmiz kənd təsərrüfatı məhsullarının satışına başlanılır. “Velotrek” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Kəndimiz” kənd təsərrüfatı məhsullarının satışı bazarı sakinlərə təmiz qida məhsulları təqdim edir. Bazarda alış-veriş etməklə siz, əlavə qatqılar və artıq gübrələrdən uzaq məhsulları ala bilərsiniz.
Sahibkarlara dəstək, fermerlərin öz məhsullarını yüksək şəraitli bazarda satması üçün “Kəndimiz”də hər cür şərait yaradılıb. Avqustun 27-də bazarın açılışı olub. Mərasimdə müxtəlif yarışmalar keçirilib.
“Kəndimiz” kənd məhsullarının satışı bazarının direktoru Kamal İbrahimov bildirib ki, bazarda yalnız sağlam, ekoloji təmiz məhsullar satılır.
“Müasir standartlara uyğun işıqlandırma sistemi, hündür tavanı, təmiz döşəməsi, su-kanalizasiya sistemi var. Alıcıların parkinqlə bağlı probelmləri də həll edilib. 200 maşınlıq avtodayanacaq qurulub. Müştərilərin rahatlığı üçün əl arabaları ayrılıb. Onlar aldıqları məhsulu dayanacağa qədər arabalar vasitəsi ilə daşıya bilər. Bu başqa bazarlarda olmayan yenilikdir”, - Kamal İbrahimov bildirib.
3500 kvadratmetr sahədə salınan bazarda 300-350 piştaxta yerləşdirilib. Kənd təsərrüfatı məhsulları labarator müayinədən keçiriləcək. Təmiz olmayan məhsulların satışına icazə verilməyəcək.
Bazarda yalnız alıcılar üçün deyil, sahibkarlar üçün də güzəştlər nəzərdə tutulub: “Bazarda yerlər ilk 3 ay ödənişsiz olacaq. Üç aydan sonra sahibkarların diqqətini cəlb etmək üçün 50% endirim tətbiq ediləcək”.