Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Problemli kreditlərin həlli bank sisteminə necə təsir edəcək? - BANKİRLƏRİN RƏYLƏRİ
Problemli kreditlərlə bağlı Azərbaycan prezidentinin məlum fərmanının icrası devalvasiya nəticəsində bank sektorunun və vətəndaşların boynundan asılan “problemli kredit yükü”nü həll edəcək. Əvəzində isə ölkə banklarından iqtisadiyyatın maliyyələşməsində ciddi irəliləyişlər gözlənilir.
Oxu.Az fərmanın bank sektoruna faydaları ilə bağlı ölkənin bir neçə tanınmış bankirinin münasibətini öyrənib.
“Problemli kreditlərlə bağlı fərman bankların kapital mövqeyini xeyli möhkəmlətməsinə imkan yaradacaq”
“Unibank” KB İdarə heyəti sədrinin 1-ci müavini Asəf Hüseynov hesab edir ki, bu fərman banklar üçün böyük əhəmiyyət daşıyır və fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində bankların kapital mövqeyi xeyli güclənəcək:
“Banklar problemli kreditlərlə bağlı kifayət qədər kapital ehtiyatları yaradırlar. Bu, onların kapitallarının aşağı düşməsinə səbəb olur. Kapitalın aşağı düşməsi isə iqtisadiyyatın kreditləşməsinin həyata keçirilməsini məhdudlaşdırır.
Problemli kreditlərin ödənişlərinin həyata keçirilməsi və restrukturizasiya proqramı bankın kapital mövqeyinin kifayət qədər möhkəmləndirilməsinə səbəb olacaq. Bunun nəticəsində və eyni zamanda, proqram çərçivəsində banklara verilən maliyyə dəstəyi, bankların aktiv kreditləşmə həyata keçirməsinə imkan yaradacaq.
Belə ki, problemli kreditlər üzrə ödəniş nəticəsində bank sistemində hər 100 milyon manat kapital artımı əlavə bir milyard manat kredit vermə imkanı yaradır”.
Asəf Hüseynovun sözlərinə görə, kiçik və orta sahibkarlığın kreditləşməsinin daha da artırılması tövsiyə olunur. Dövlətin dəstəyi bankların bu sahədə fəaliyyətlərini daha da genişləndirməsinə imkan yaradacaq.
İkinci və əsas məsələlərdən biri odur ki, bankların bu gün kifayət qədər əməliyyat xərcləri var. Problemli kreditlərin təmin edilməsi ilə bağlı banklar kifayət qədər resurs xərcləyirlər. Bura İT resursları, digər xərclər, əməkhaqqı və s. daxildir.
Hazırda bank işçilərinin 10-15%-i məhz problemli kreditlərlə əlaqədar çalışan əməkdaşlardır. Problemli kreditlərin həlli bankların bu əməliyyat xərclərini kəskin şəkildə azaltmasına imkan verəcək və nəticədə, əməliyyat mənfəəti artacaq.
Bankir üçüncü və ən vacib məsələlərdən biri kimi fərmanda nəzərdə tutulan tədbirlərin nəticəsində banklar barədə müştərilərdə yaranan neqativ auranın aradan qalxacağını düşünür.
“Kifayət qədər problemli kredit, insanların əməkhaqlarından tutulan məbləğlər, bir sıra məcburi tədbirlərin görülməsi müştəri kommunikasiyasına bir qədər neqativ fon gətirmişdi. Bu problemlərin cənab prezidentin verdiyi fərmanla aradan qaldırılması, bank və müştəri münasibətlərini başqa bir formata qaytaracaq. Bu da biznesin daha yaxşı inkişaf etdirilməsinə təkan verəcək”.
Asəf Hüseynov kompleks baxdıqda, qeyd olunan neqativ aura, əməliyat xərcləri, kapital və iqtisadiyyatın kreditləşdirilməsi üçün likvidlik dəstəyinin bütöv iqtisadiyyatı əhatə edəcəyini və real iqtisadiyyata kifayət qədər dəstəyə imkan yaradacağını vurğulayıb.
İqtisad elmləri doktoru, “NBC Bank”ın Müşahidə Şurasının sədri Fuad Qənbərov hesab edir ki, bu fərmanın dünyada presidentinə rast gəlmək mümkün deyil.
Azərbaycan digər post-sovet ölkələrinə nisbətən problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoyub.
“Fərmanla təxminən 800 minə qədər əhalinin xarici valyutada kreditləri manat ifadəsində devalvasiyadan əvvəlki səviyyəyə qayıtması təmin edildi. Eyni zamanda, problemli kreditlərin güzəştli şərtlərlə restrukturizasiya olunması nəzərdə tutulur.
Yəni aşağı faiz, uzun müddət və güzəşt dövrü, faizlərin silinməsi və milli valyutada kreditlərin verilməsi mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir. Bununla əhali tərəfindən kreditlərin ödənməsinə yönəldilən vəsaitin həcmi azalacaq və nəticədə, əhalinin sərəncamında qalan gəlirlər artacaq. Əhalinin digər tələbatlarını qarşılamaq imkanları əhəmiyyətli artacaq. Bir sözlə, sosial rifah halı yaxşılaşacaq”.
İqtisadçının fikrincə, fərman yalnız əhalinin müxtəlif təbəqələrini deyil, eyni zamanda, bank sisteminin problemlərini də əhatə edir. Fərmanla kredit borclarının restrukturizasiyası məqsədilə banklara 682 milyon manat məbləğinədək Mərkəzi Bank tərəfindən illik faiz dərəcəsi 0,1% olmaqla, beş il (bir il güzəşt müddəti ilə) müddətinə kreditlər veriləcək.
Bu kreditlərin dövlət zəmanəti ilə verilməsi nəzərdə tutulur. Yəni bu, dövlətin bank sektoruna böyük etimadıdır. Banklar güzəştli şərtlərlə və ucuz maliyyə resursları əldə edirlər. Bu isə biznes və bütövlükdə iqtisadiyyatın ucuz maliyyə resurslarına çıxış imkanlarının yaranması deməkdir.
İqtisadi baxımdan isə fərmanın bankların sağlamlaşdırılması və kredit portfelinin pis aktivlərdən təmizlənməsinə müsbət təsir göstərəcək.
“Bildiyiniz kimi, problemli kreditlər bankların maliyyə vəziyyətinə də mənfi təsir edirdi. Belə ki, problemli kreditlərə görə ehtiyat ayırmaları bank kapitalının “yeyilməsi”ni zəruri edir. Bu səbəbdən düşünürəm ki, fərmanda nəzərdə tutulmuş realizasiyası bankların maliyyə sağlamlaşmasına müsbət təsir göstərəcək.
İlk növbədə bankların kredit portfeli sağlamlaşdırılacaq və bununla problemli kreditlərin bankların kapitalına yaratdığı təzyiq aradan qaldırılacaq. Kompleks baxdıqda, banklara həm kapital dəstəyi, həm də iqtisadiyyatın kreditləşdirilməsi üçün maddi dəstək bütöv iqtisadiyyatı əhatə etmiş olur və real iqtisadiyyatın inkişafına dəstək olacaq”.
Vacib məsələlərdən biri də bankların vətəndaşlar qarşısında olan reputasiyasıdır. Bankir bu fərmanla bank və müştəri münasibətlərini başqa bir formata qaytaracağını söyləyib.
“AccessBank”ın İdarə Həyətinin sədri Anar Həsənovun sözlərinə görə, uzun müddət əhali manatın gücləndiyini görüb, əsasən, dollarla kredit götürməyə çalışırdı.
Devalvasiyanın baş verməsi isə nəticədə həmin kreditlərin ödənilməsini çətinləşdirdi və problemli kreditlərin həcmi kəskin artdı:
“Biz müştərilərimizlə bu problemləri bölüşməyə çalışdıq və onlarla razılıq əldə edərək, problemli kreditlərin ödənişinə nail olmaq üçün fəaliyyətimizi genişləndirdik. Planlaşdırdığımız kimi, kreditlərin müəyyən hissəsini qaytara bildik.
Bu fərman isə həm bankın, həm də müştərilərin bu sahədə üzləşdiyi çətinliklərin həlli istiqamətində əhəmiyyətli bir addım oldu. Ümumilikdə bank sektoru və vətəndaşlarımız dövlətin böyük dəstəyini hiss etdilər”.
A.Həsənovun açıqladığı rəqəmlərə görə, 2018-ci ildə “AccessBank” tərəfindən 383 milyon manat yeni kredit verilib və bu kreditlərin 98%-i milli valyutada olub. Eyni zamanda, ölkədəki sabitliyin nəticəsi olaraq, bank sektoruna da inam artır və Azərbaycanın strateji tərəfdaşları olan Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankı bankın səhmdarları sırasına qoşulub və “AccessBank”ın səhmdarlarının sayı altıdan 13-ə yüksəlib.
İdarə heyətinin sədri bildirib ki, fərman nəticəsində bankın əldə edəcəyi əlavə maliyyə dəstəyi ehtiyatlara daxil olacaq, bu isə orta və mikro sahibkarlığın maliyyələşdirilməsində “Accessbank”ın rolunun daha da artmasına imkan verəcək.
Sonda qeyd edək ki, fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı hər bir bankda xüsusi İşçi qrup yaradılıb. İşçi qruplara bankların aparıcı mütəxəssisləri cəlb ediliblər və hər bir müştərinin kredit tarixçəsi dəqiqliklə yoxlanılır, bütün bu məlumatlar aprelin 15-dən sonra hər bir borc götürənə açıqlanacaq.
İlhamə Abdullayeva