Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü münasibətilə SOCAR-ın təşkilatçılığı, "Neftçi" və Türkiyənin "Qalatasaray" Futbol klublarının tərəfdaşlığı ilə SOCAR-ın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid və qazi olan əməkdaşlarının övladları üçün "Futbol günü" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Şəhid və qazı övladları əvvəlcə "Palms Sports" Futbol Mərkəzində olublar. Burada uşaqlara "Neftçi" klubu haqqında ətraflı məlumat verilib və klubun tarixi ilə bağlı videosüjet nümayiş etdirilib.
Uşaqlar "Neftçi" klubunun A komandasının baş məşqçisi Samir Abasov və futbolçularla görüşüb, onlarla xatirə şəkilləri çəkdiriblər. Uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıblar.
A və B komandaları arasında keçirilən yoxlama oyununu izləyən uşaqlara "Neftçi" Peşəkar Futbol Klubunun adından xatirə hədiyyələri təqdim olunub.
Günün ikinci yarısında isə şəhid və qazi övladları SOCAR-ın Baş ofisində təşkil olunan tədbirdə iştirak ediblər.
Şəhid və qazı övladlarını salamlayan SOCAR-ın Sosial məsuliyyət Departamentinin rəisi Əsəd Məmmədov Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhid və qazi övladlarına göstərilən diqqət və qayğıdan, bu siyasətə uyğun olaraq SOCAR tərəfindən görülən işlərdən bəhs edib.
Sonra uşaqlar "Qalatasaray" klubunun futbolçularının şəhid və qazi övladlarına müraciətləri əsasında hazırlanmış xüsusi videoçarxı izləyiblər. Onlara "Qalatasaray" futbol klubunun formaları hədiyyə olunub.