SOCAR və “Transneft” Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk neft kəməri ilə nəqlinə dair müqavilə imzalayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Neft informasiyası agentliyinə Rusiya boru-kəmər inhisarçılığının prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.
“Mart ayının 1-dən müqaviləyə müvafiq olaraq nəqlə başlayacağıq”, - o deyib.
Onun sözlərinə görə, ilkin olaraq ildə ümumilikdə 1,3 milyon ton nəql edilməli idi. Amma müqaviləni mart ayından qüvvəyə minməsi ilə əlaqədar həcmlər kiçik olacaq.
“İş əsnasında hər ay üçün həcm müəyyənləşdiriləcək”, - agentliyin həmsöhbəti bildirib.
O əlavə edib ki, müqavilə əvvəlki illərə müvafiqdir.
Azərbaycan 1997-ci ildən Bakı-Novorossiysk boru-kəməri ilə neft nəql edir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə SOCAR “şimal” boru kəməri ilə 1,2 milyon ton neft nəql edib.
“Transneft” ilə 2016-cı il üçün müqavilənin olmadığı üçün SOCAR cari ilin yanvar-fevral ayında bu marşrut üzrə xammalın nəqlini həyata keçirməyib.