Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) 2013-cü il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, SOFAZ-dan verilən məlumata görə, fondun 2013-cü il büdcəsinin icrası, gəlirlər 13 600 400,1 min manat, xərclər 12 302 663,5 min manat və ya fondun 2013-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 118,5%, xərclər üzrə 94,5% səviyyəsində olmaqla təsdiq edilib.
Məlumata görə, fondun gəlirləri bundan ibarət olub:
Azərbaycan payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər - 13 108 016,4 min manat; karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər - 1 831,9 min manat; neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər - 8 063,8 min manat; neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar - 1 850,1 min manat; SOFAZ valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər - 480 559,5 min manat; digər gəlirlər və daxilolmalar - 78,4 min manat.
Fondun xərcləri isə bundan ibarət olub:
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 299 990,2 min manat; Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinə transfert - 11 350 000,0 min manat; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi - 173 933,6 min manat; Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi - 25 671,7 min manat; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi - 33 007,8 min manat; Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi - 372 590,0 min manat; Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər - 47 470,2 min manat.