Türkiyədə prezidenti Rəcəb Tayyib Ərdoğan daşınan və daşınmaz əmlakın alqı-satqısında xarici valyutadan deyil, türk lirəsindən (TL) istifadə ilə bağlı fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, fərmanda xarici valyuta ilə bağlanmış müqavilələrin bir ay ərzində TL-yə çevriləcəyi bildirilir.
Eləcə də, daşınan və daşınmaz əmlakların icarə müqavilələrində valyuta üzərindən müəyyən edilmiş qiymətlərin 30 gün ərzində türk lirəsinə dəyişdirilməsi irəli sürülüb.
Türkiyə Xəzinə və Maliyyə Nazirliyinə fərmandan irəli gələn qanunları icra etmək tapşırılıb.
Qeyd edək ki, azərbaycanlılar Türkiyədən ən çox ev alan xarici vətəndaşların siyahısında yer alır. Cari ilin yanvar-iyul aylarında həmyerlilərimiz bu ölkədən 418 mənzil alıblar.
Hazırda Azərbaycanda 30-a yaxın konsaltinq xidməti dünyanın müxtəlif yerlərindən mənzil alınmasına vasitəçiliklə məşğuldurlar. Bu şirkətlərin elanlarında Türkiyənin daşınmaz əmlak bazarı ön sıralarda yer alır.
Türkiyənin tikinti şirkətlərindən də mənzillərin satışını birbaşa Azərbaycanda təşkil edənlər var. Bu, əsasən, nağd, bəzən kreditlə satış formasında həyata keçirilirdi. Konkret olaraq, qonşu dövlətin tanınmış tikinti şirkəti - “Ağaoğlu” tikinti şirkəti bir müddət İstanbulun ətrafında inşa etdiyi mənzilləri həmyerlilərimizə satdı. Bunun üçün şirkətin Azərbaycanda satış ofisi belə fəaliyyət göstərirdi.
Bundan əlavə, “Keyshead İnternational” şirkətinin Bakı ofisi Azərbaycan vətəndaşlarına İstanbula gedib əlavə xərc çəkmədən rahat şəkildə özlərinə uyğun mənzili seçmək və faizsiz kredit şərtləri ilə əldə etmək şansı verirdi.
Daşınmaz əmlak məsələləri üzə ekspert Nüsrət İbrahimovun fikrincə, Rəcəb Tayyib Ərdoğanın fərmanı daşınmaz əmlakın qiymətinə təsir etməyəcək:
“Həmyerlilərimiz buradan valyuta ilə gedib orada pullarını lirəyə çevirəcəklər. İnanmıram, qiymətlərdə dəyişiklik baş versin”.
Türkiyədə mənzil satışını həyata keçirən konsaltinq xidmətlərindən isə bildirildi ki, artıq bir müddətdir Türkiyədə daşınmaz əmlakın satışı avro ilə aparılır.
Əvvəllər ancaq turizm bölgələrində əmlakın satışı avro, İstanbulda dollarla idisə, hazırda vəziyyət tamamilə avronun xeyrinə dəyişib:
“İstanbulda üç otaqlı mənzilin qiyməti 120 min avrodan başlayır. Bu gün Türkiyədə daşınmaz əmlak elə də ucuz deyil. Bəzi tikinti şirkətləri kreditlə satış həyata keçirirlər. Ümumilikdə Türkiyədən mənzil almaq istəyən xaricinin büdcəsi orta səviyyədən yuxarı olmalıdır. Söhbət İstanbuldan, kurort şəhərlərində daşınmaz əmlak alışından gedir”.
Məlum oldu ki, nisbətən münasib qiymətə - 60-80 min avroya Quşadasından 40 kvadratmetrlik mənzil əldə etmək olar:
“Türkiyədən ev alan Azərbaycanlıların sayı artıb. Lakin insanlar əvvəlki kimi qonşu dövlətdə daşınmaz əmlakla maraqlanmırlar. Məsələn, Rusiyada rubl dəyərdən düşdüyü zaman bu ölkənin mənzil bazarında ucuzlaşma baş verdi. İnsanlar Rusiyadan ev aldılar.
Türkiyə ilə bağlı vəziyyət başqadır. Daşınmaz əmlakın qiymətində ucuzlaşma yoxdur. Ümumiyyətlə, bu ölkədə daşınmaz əmlakın icarəsi, alqı-satqısı milli valyuta ilə deyil, dollarla həyata keçirilir. Qiymətlər lirəyə nəzərən realizə edilmir”.
Nəzərə çatdıraq ki, doğrudan da, qonşu dövlətin əmlak bazarında artım qeydə alınıb. Avqust ayında İstanbulda evlərin 10 faiz bahalaşdığı açıqlanıb. İl ərzində ən çox qiymət artımı bu şəhərdə olub.
İzmirin daşınmaz əmlak bazarında artım 4, Ankarada 2 faiz təşkil edib. Ümumilikdə avqust ayının nəticələrinə görə, Türkiyənin əmlak bazarında son bir ayda qiymət artımı 8,67 faiz təşkil edib. Mənzillərin kvadratmetrinin orta qiyməti 2,031 lirəyə bərabər olub.