Ötən ay “Elit Travel” Turizm agentliyindən Türkiyəyə səyahət paketi almışdım. Oğlumla 2 gün İstanbulu gəzəcək, sonra isə İzmir Kuşadasındakı otellərdən birində 1 həftə dincələcəkdik. Avqustun 6-da İstanbula uçduq. Ayın 7-də səhər tezdən “Elit Travel”dən bizə zəng edib dedilər ki, Türkiyədəki partnyor şirkət iflas edib, bizim ödədiyimiz məbləğ oteli hesabına keçməyib, əgər oteldə qalmaq istəyiriksə yenidən pul ödəməliyik, ya da bron ləğv olunacaq. Bir il işləyib 1 həftə tətil üçün pul yığmışdıq. Bizim əlavə pulumuz yoxdur. Çıxılmaz vəziyyətdə qalmışıq.
Oxu.Az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a açıqlamasında Bakı şəhər sakini İradə Axundova deyib.
Şikayətçi bildirib ki, “Elit Travel”lə ödədikləri 2600 manatın ödəniş kağızı olsa da turizm agentliyi hər cür məsuliyyətdən kənarda qalmaq istəyir:
“Biz onlara bildirdik ki, pulu sizə ödəmişik, məsuliyyəti siz daşıyırsınız. Cavab verdilər ki, heç bir məsuliyyətləri yoxdur, şirkət bankrot olub, onlar bizə pul qaytaranda biz də sizin pulunuzu geri verərik”.
“Elit Travel” “Yeni Müsavat”a belə bir problem olduğunu təsdiqləyib. Şirkət rəhbərliyi bildirib ki, bir neçə ildir Türkiyənin NasTUR şirlkəti ilə əməkdaşlıq edirlər. Ancaq indi şirkətin problemi yaranıb və oradan “Elit Travel”ə belə bir açıqlama gəlib:
“Şirkət iflas edib. Sizdən xahiş edirik 7-15 avqust tarixli bütün səfərləri təxirə salasınız. Avqust ayının 30-na qədər ödənilən məbləğ geri qaytarılacaq”.
Şirkət rəhbərliyi onu da bildirib ki, Axundovların durumu ilə 106 Azərbaycan vətəndaşı üzləşib. Onların hamısı ödədiyi məbləği geri istəsələr də “Elit Travel”in bütün ziyanı qarşılamaq imkanı yoxdur. Şirkət rəhbərliyinin NasTUR-la apardığı danışıqlar da nəticəsiz qalıb - hesablara həbs qoyulduğundan bütün müştərilərin yerləşdirilməsinin mümkün olmadığı deyilib. NasTUR daxili imkanlar hesabına yalnız bir neçə vətəndaşın yerləşdirilməsinə söz verib.
Sabah Bakıdan Kuşadasına gedəcək şəxslərin pərişanlığını anlamaq çətin deyil. Ancaq ən çətin durumda qalanlar Kuşadasına İstanbul üzərindən gedənlərdir. Onlar artıq ölkədən çıxıb və çoxu maddi cəhətdən otelə təkrar ödəniş etməyə hazır deyil. Onların Bakıya geri dönüş uçaq biletləri isə 8 gün sonrayadır.
Azərbaycan qanunlarına görə, bu məsələdə vətəndaşlar qarşısında məsuliyyəti “Elit Tarvel” daşıyır. Vətəndaşlar Nas TUR şirkətinin adını belə problem yaranandan sonra eşidiblər. “Elit Travel”dən onu da bildiriblər ki, gözlənilməz maddi problemlərin çözümü üçün bank təminatları da yoxdur. Qanunun belə bir tələbi olmasına baxmayaraq.