Məlum olduğu kimi, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri isə 29 milyard 879 milyon manat təşkil edəcək. Bu, 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4 faiz və 4,7 faiz çoxdur. Bu yazıda toxunmaq istədiyim məsələ isə büdcədən xarici dövlət borcu üzrə ödəniş məsələsidir.
2022-ci ildə dövlət büdcəsindən dövlət borcuna xidmət üçün 1 milyard 792 milyon manat ayrılması nəzərdə tutulur ki, bunun 232 milyon manatı daxili, 1 milyard 560 milyon manatı isə xarici dövlət borcuna xidmət üçün sərf olunacaq.
Yeri gəlmişkən, 2021-ci il 1 iyul tarixinə Azərbaycanın ümumi dövlət borcu (xarici və daxili) 17 milyard 352 milyard manat və ya ÜDM-in 21,6 faizini təşkil edib ki, bunun da 14 milyard 626 milyon manatı xarici dövlət borcuna bərabər olub. Xarici dövlət borcu ÜDM-in 18,2 faizi səviyyəsində təşkil edir.
Sözügedən göstərici ölkəmizin ən müsbət iqtisadi göstəricilərindən sayılır. Xarici dövlət borcu ÜDM-in 30 faizdən yuxarı hissəsini təşkil etdikdə bu, ən təhlükəli vəziyyət sayılır. İnkişaf etmiş ölkələrdə isə nəinki 30 faizdən yuxarı, xaric dövlət borcu səviyyəsi ÜDM-in 100 faizdən yuxarı hissəni təşkil edir.
Lakin onlar inkişaf etmiş ölkələrdir. İqtisadiyyatları xammal satışından asılı deyil, geniş şaxələnmiş iqtisadi sistemə sahibdirlər - iqtisadi artım templəri çoxsaylı generasiya mənbələrinə malikdir və sair.
Odur ki, özümüzü həmin ölkələrlə müqayisə edə bilmərik və etməməliyik də.
Sözüm bunda deyil. Vaxt var idi, dəqiq desəm, müstəqilliyimizin ilk illərində - keçən əsrin 90-cı illərinin əvvəlində ölkəmiz xarici maliyyə qurumlarından çox asılı vəziyyətdə idi. Alınan borc vəsaitləri büdcə kəsirinin örtülməsinə gedirdi. Bu gün isə Azərbaycanın özünə borclu olan ölkələr var. Yəni iqtisadi inkişaf, artım sözünü deyib və deyir.
Bəli, ölkəmiz xarici borclanma siyasətini bu gün də davam etdirir. Çünki bu siyasətsiz keçinmək mümkün deyil. Təkrar edirəm, xarici dövlət borcunun ÜDM-də 30 faizdən yuxarı həddi kritik hədd sayılır. Odur ki, borclanma siyasəti hələ davam etdirilə bilər. Amma indiyədək olduğu kimi, ehtiyatlı şəkildə...
Yeri gəlmişkən, Prezident İlham Əliyevin sözügedən məsələ ilə əlaqədar təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da əsas məqsəd olaraq qarşıya qoyulub ki, 2018-2025-ci illər üzrə dövrdə dövlət borcunun dayanıqlığı təmin edilərək, onun ÜDM-ə nisbəti tədricən azaldılsın.
Məsələ bundadır ki, bizim digər bir üstünlüyümüz isə ondan ibarətdir ki, xaricə borcumuzu istənilən vaxt qaytara bilərik. Bunun üçün kifayət qədər maliyyə ehtiyatlarımız var. Oktyabr ayının 1-nə Azərbaycanın rəsmi valyuta ehtiyatlarının həcmi 51 milyard 260,16 milyon dollar təşkil edib. Valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 faizə qədər, ilin əvvəlinə nəzərən isə 1,3 faiz artıb.
Beynəlxalq valyuta ehtiyatlarının 7 milyard 33,8 milyon dolları Mərkəzi Bankın, 44 milyard 226,4 milyon dolları Dövlət Neft Fondunun balansında olub. Yəni, valyuta ehtiyatlarının 13,7 faizi Mərkəzi Bankın, 86,3 faizi isə Neft Fondunun payına düşür.
Bununla belə, bayaq adını çəkdiyim strategiyada ortaya məqsəd qoyulub ki, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla, dövlət borcunun dayanıqlığı təmin edilsin. Bunun üçün 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən daha aşağı səviyyədə saxlanılması hədəf götürülüb.
Bu yerdə bir və çox vacib cəhətə də toxunmaq istərdim. Koronavirus (COVID-19) pandemiyasının yayıldığı və neftin ucuzlaşdığı bir şəraitdə keçən il ölkəmizdə atılan addımlar ciddi şəkildə dəstəkləndi və yarana biləcək fövqəl ehtiyaclarımıza uyğun optimal cavab tədbirlərimiz diqqət mərkəzindən yayınmadı.
Nəticədə pandemiyanın tüğyan etdiyi keçən il, 2020-ci il ərzində 150-dən çox ölkə maliyyə dəstəyi almaq üçün beynəlxalq maliyyə institutlarına müraciət etsə də, biz, yəni Azərbaycan bu sıraya düşmədi.
Xatırladım ki, dünyanı cənginə alan pandemiya əksər ölkələri həm xaricdən, həm də daxildən vurdu. Həm dünyada iqtisadi vəziyyət pisləşdi, həm də ölkələrdə sərt karantin rejimi tətbiq olunmaqla bütün ölkələr iqtisadi boyunduruğa girdi.
Bu, Azərbaycana da aid oldu. Lakin ölkəmiz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumlara kömək üçün müraciət etmədi və buna yaxın təşəbbüsdə belə bulunmadı. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlı idi.
Qeyd edim ki, burada həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynadı, həm ötən əvvəlki illər ərzində iqtisadiyyatdakı uğurlar əhəmiyyət daşıdı, həm də 3 il öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən başlanılan islahatlar mühüm təsirə malik oldu.
Ölkəmiz həm də ki, ümumiyyətlə, borc almaq məsələsinə həmişə ehtiyatla yanaşıb və dövlət başçımız demişkən, xərclərimiz gəlirlərimizi heç vaxt üstələməyib.
Bununla belə, bir iqtisadçı kimi hesab edirəm ki, ölkə iqtisadiyyatı üçün bir sıra vacib sahələrdə nəzərdə tutulan işləri görmək məqsədilə kreditlər almaq, xarici borclanmanı ÜDM-in 22-23 faizinə qədər artırmaq fəlakət sayılmır.
Üstəlik, bir məsələ də var: nə qədər ehtiyatların olursa-olsun, borc alıb, borc verməsən, mümkün deyil. Hətta maliyyə baxımından ən təmin olunmuş ölkələr də vacib işləri borc hesabına görürlər.
Ancaq bizdə problem sadəcə ondadır ki, dövlət zəmanəti ilə borc alan iri dövlət şirkətlərinə nəzarət yox dərəcəsindədir. “Azərsu”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq” kimi çox böyük həcmdə dövlət zəmanəti ilə xarici kredit cəlb etmiş qurumlar aldıqları borcları sonradan qaytarmırlar və sonda onların əvəzində dövlət ödəniş etməli olur.
Bu qurumların maliyyə fəaliyyətinə nəzarəti gücləndirilmək istiqamətində son illər bir sıra tədbirlər həyata keçirilsə də, təəssüf ki, vəziyyət hələ də qənaətbəxş deyil.
Halbuki, Prezident İlham Əliyev sözügedən problemdən danışarkən, dəfələrlə hər dəfə dövlət zəmanəti ilə xarici borc alan qurumları məsuliyyətli olmağa çağırıb və çağırır.
Odur ki, belə qurumları dövlət zəmanəti ilə kredit almaqda çəkindirmək, prioritet layihələrə görə alınacaq kreditlərə xidmətlə bağlı həmin qurumlar üzərində ciddi nəzarət təşkil etmək tələb olunur.
Başqa sözlə desəm, dövlətin adından borc alan qurumlar özləri məsuliyyət daşımalı - borca dövlət büdcəsi deyil, məhz özləri xidmət göstərərək dövlətin üzərinə ağırlıq salmamalıdırlar.
Pərviz Heydərov