Aşqabadda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat tranzit dəhlizi üzrə Saziş layihəsinin müzakirəsi üzrə beştərəfli görüş baş tutub, bu görüşdə adıçəkilən ölkələrin nümayəndələri iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkmənistan hökumətinin bazar ertəsi yayılan məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, görüşün gedişatında iştirakçılar layihənin iştirakçı-ölkələrin və ümumilikdə bütün regionun dünya bazarına çıxışı üçün imkan yaratmasına istiqamətlənməsinin mühüm olduğunu vurğulayıblar. Eyni zamanda, layihə Avrasiya məkanında ticarət-iqtisadi əlaqələrin dəstəklənməsinə və fəallaşmasına yönəlib.
Məlumata uyğun olaraq görüşdə həmçinin tranzit-nəqliyyat layihəsinin Əfqanıstanın sosial-iqtisadi inkişafına, onun iri regional və beynəlxalq infrastruktur layihələrə qoşulmasına vasitə olacağı qeyd edilib.
İştirakçı-ölkələrin ekspertləri hesab edirlər ki, bu təşəbbüs zamanında edilib və yüklərin daşınmasının qiymətlərinin azalması, eləcə də ümumi ticarətin həcminin artması sayəsində gələcəkdə regionun hər bir ölkəsinin inkişaf və rifahına vasitə olacaq.
Məlumatda həmçinin danışıqlar zamanı tərəflərin gələcəkdə ölkələrin bərabərlik, sərfəli əməkdaşlıq prinsipləri əsasında partnyorluğu, əməkdaşlığın siyasi, iqtisadi və humanitar sahələrdə də dərinləşdirilməsi məsələləri də müzakirə edilib.
Türkmənistan “Bakı-Tbilisi-Qars” (BTQ) dəmiryolu magistralı layhəsinə qoşulmaqda maraqlı olmasını bəyan etmişdi.
Azərbaycan, Gürcüstan və Türkiyə Çin və Mərkəzi Asiyadan yüklərin çatdırılmasını nəzərdə tutan, yeni dəmiryolu magistralının tikintisini realizə edirlər.