Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Alimlər “sehrli dairələr”in qlobal atlasını tərtib ediblər - VİDEO
Əvvəllər hesab olunurdu ki, “sehrli dairələr” adlanan qeyri-adi təbiət hadisəsinə yalnız Afrikanın cənub-qərbindəki Namib səhrasında rast gəlinir, lakin sonra bu dairələr Avstraliyada da aşkar edilib. İndi yeni bir araşdırma qəribə fenomenin daha da geniş yayıldığını göstərib.
“Tanrıların izləri” olaraq da bilinən sehrli və ya cadugər dairələri, bitki örtüyü halqasında yerləşən diametri iki metrlə 15 metr arasında dəyişən bitkisiz torpaq sahələridir. Onlar səbəbsiz olaraq yoxa çıxa və yenidən görünə bilərlər.
Alimlər onilliklərdir ki, bu fenomeni izah etməyə çalışırlar. Bir fərziyyəyə görə, sehrli dairələr quraqlıq şəraitində bitkilərin su uğrunda mübarizə aparması nəticəsində yaranırlar. Həmçinin bitkilərin köklərini məhv edən və torpaqda hərəkət etmələrini asanlaşdırmaq üçün onların tam ölümünə səbəb olan termitləri bu dairələrin yaranmasına səbəb ola biləcəklərini bildiriblər. Bununla belə, alimlər bu və digər fərziyyələri dəfələrlə tənqid ediblər və hələ heç kim bu fenomeni tam izah etməyib.
Alikante Universitetinin və bir sıra digər İspaniya universitetlərinin ekoloqları indiyə qədər naməlum qalan sehrli dairələrin yayılmasını müəyyən edən qlobal miqyasları və ətraf mühit amillərini öyrənməyə qərar veriblər. Bu dairələrə dair tədqiqat “PNAS” elmi jurnalında dərc olunub.
Alimlər süni intellekt əsasında yaradılmış modellərdən istifadə edərək peyk görüntülərini təhlil etdikdən sonra Namibiya və Qərbi Avstraliyadakı məşhur sehrli dairələrə bənzər 263 sahə tapıblar. Məlum olub ki, ümumilikdə onlara üç qitənin ərazisində 15 ölkədə rast gəlinir. Xüsusilə, onlar Sahara səhrasının cənubundakı quraq Sahel bölgəsində, Madaqaskar adasında və Yaxın Şərqdə aşkar edilib. Alimlərin hazırladığı videoya əsasən, bu dairələrə, hətta daha əvvəl onlardan çox uzaq hesab edilən yerdə - Qazaxıstanda da rast gəlinir.
“Bizim tədqiqatımız sübut etdi ki, sehrli dairələr əvvəllər düşünüldüyündən daha geniş yayılıb. Bu, ilk dəfə qlobal miqyasda onların yayılmasına təsir edən amilləri başa düşməyə imkan verdi”, - deyə tədqiqatın həmmüəlliflərindən biri Manuel Delqado Bakerizo bildirib (Manuel Delgado Baquerizo).
Ekoloqlar aşkar ediblər ki, sehrli dairələr torpaq və iqlimin müəyyən xüsusiyyətlərinin birləşməsi ilə əlaqələndirilir. Onlar tərkibində azotun miqdarı az olan torpaqda və orta illik yağıntının 200 millimetrdən az olduğu ərazilərdə mövcuddur. Alimlər, həmçinin termit yuvalarının müəyyən rolunu da qeyd ediblər.
“Tədqiqatda albedo və akviferlərin vəziyyəti kimi əvvəllər diqqət yetirilməyən bir çox dəyişənləri nəzərə aldıq. Bu sonuncu amil xüsusilə vacibdir, çünki dünyanın quraq ərazilərində, o cümlədən səhralarda qrunt sularının kütləvi istifadəsi bu təbii törəmələri (“sehrli dairələr” - red.) poza bilər”, - deyə araşdırmanın digər bir müəllifi Xayme Martines-Valderrama (Jaime Martínez-Valderrama) qeyd edib.
İspan ekoloqlarının tədqiqatı sehrli dairələrin qlobal atlasını tərtib etməyə imkan verdi və bu fenomenin ekologiyası və biocoğrafiyası haqqında anlayış əmələ gətirib. Əldə olunmuş nəticələr gələcək tədqiqatlarda faydalı olacaq. Xüsusilə, alimləri bu təbii törəmələrin, quraqlıq zonalarında bitki strukturunun digər variasiyalarında olduğu kimi, iqlim dəyişikliyi səbəbindən ekosistemin deqradasiyası əlaməti olub-olmayacağı maraqlandırır.
Mənbə: Naked Science
"Avstraliya" teqi üzrə xəbərlər
- Avstraliya epidemiya astanasında? Laboratoriyadan yüzlərlə öldürücü virus nümunəsi yoxa çıxdı
- Avstraliyalı bloqer "layk" xatirinə qızına dərman verib komaya saldı
- Avstraliyada 16 yaşadək uşaqlara sosial şəbəkələrə daxil olmaq qadağan edilir
- Dünyanın ən yaşlı rəqqasəsi vəfat etdi
- Azadlıq üçün 5.3 milyon dollar: Avstraliyalıların köləliklə mübarizəsi başladı