Almaniyanın Bilefeld Universitetinin alimləri “Mona Liza effekti” əfsanəsini təkzib edib.
Oxu.Az xəbər verir ki, bu haqda “i-Perception” jurnalında məqalə dərc olunub.
Sözügedən əfsanəyə görə, Da Vinçinin qeyd olunan məşhur rəsminə hansı bucaqdan baxmaqdan asılı olmayaraq, “Mona Liza” onu seyr edənin gözlərinə baxır. Alimlər, əslində, “Cokonda”da belə bir effektin olmadığını əmin edir.
İstənilən insan fotoşəklini çəkdirəndə kameranın obyektivinə baxır və şəkil çıxdıqdan sonra fotodakı şəxsin istənilən bucaqdan onu seyr edən insana nəzər saldığı illüziyası yaranır. 1503-1504-cü illərdə çəkilmiş bu rəsmdə də “seyirçini təqib etmə” effektinin olduğu düşünülürdüsə, yeni elmi işdə tədqiqaçtılar bunu təkzib edib.
Alimlərin fikrincə, bu yalnış fikir əvvəldən insanlara təlqin olunub və yayılmış iddia bu əfsanəni muzeydə canlı şəkildə yoxlamağa çalışan insanların görmə hissini qeyri-obyektiv edir.
Tədqiqatçılar “Mona Liza effektinin” olub-olmadığını yoxlamaq üçün kiçik eksperiment keçirib. Alimlər 24 könüllünün “Cokonda”nın təsvirinə yüksək icazəli kompüter ekranında baxmağı və qadının baxış istiqamətini qiymətləndirməyi tapşırıb. Eksperiment iştirakçılarının bəziləri “Mona Liza”nın ancaq burnu və gözlərini görüb, qalanları portretə bütöv şəkildə nəzər salıb. Ekranla iştirakçı arasında xətkeş olub və könüllülər “Cokonda”nın baxışının hansı nöqtəyə tuş gəldiyini müəyyən etməyə çalışıb.
Məlum olub ki, şəkildə düz baxan könüllülərin baxış istiqaməti ilə portretin baxış istiqaməti (onlar tərəfindən düşünülən) arasındakı bucaq təxminən 15,4 dərəcə təşkil edib. Portretə 66 santimetr məsafədən baxdıqda, baxış bucağı 27,9 santimetr sağa təhrif olunacaq. Alimlərin hesablamalarına görə, bu illüziya yalnız baxış bucağı beş dərəcəni keçməyəcəyi təqdirdə meydana gələ bilər. Bu arada, eksperimentdə rəsmin ölçüsü heç bir əhəmiyyət kəsb etməyib.