Soyuq havada üşüməmək üçün bəzi sadə məsləhətlərə riayət etmək kifayətdir.
Oxu.Az saglamolun.az-a istinadla həmin məsləhətləri təqdim edir:
1. Soyuqda çölə çıxdıqda papaq, şərf və əlcək taxın. Bu, həm üşüməyin qarşısını alır, həm də bəzi xəstəliklərə qarşı profilaktik tədbirdir. Soyuq, küləkli, qarlı havada başıaçıq gəzənlərdə miqren, sinir iltihabları kimi xəstəliklər inkişaf edə bilər. Soyuq havada əlcək barmaq oynaqlarını iltihabdan qoruyur. Həmçinin əllərin soyuqlaması respirator xəstəliklərin riskini artırır.
2. Havaya uyğun ayaqqabıların seçilməsi də çox vacibdir. Ayaqların soyuqlaması respirator xəstəliklərdən əlavə, ürək xəstəliklərinin də riskini artırır. Ayaqqabı dar olmamalıdır. Bu halda ayaqlar üşüməyəcək.
3. Soyuqda çöldə siqaret çəkməyin. Bu, qan dövranının pozulmasına, damarların daha da daralmasına səbəb olur.
4. Soyuqda spirtli içkiləri (xüsusilə, arağı) içməyin. Bu, isinməyə kömək etmir, əksinə, soyuq havada çoxlu miqdarda içki qəbul etdikdən sonra insan daha çox üşüyür.
5. Geniş paltarlar geyinin, dar, sıx geyimlərdə insan daha çox üşüyür. 3-4 lay paltar geyinin - paltar laylarının arasında olan hava üşüməkdən qoruyur. Uzun gödəkçələr geyinin. Soyuqda qısa gödəkçələrdə gəzən insanlarda böyrək xəstəlikləri riski artır.
6. Soyuq havada evdən ac çıxmayın. Orqanizmə özünü isindirmək üçün əlavə enerji lazımdır. Zülallı qidalar burada yaxşı kömək edir. Mütəxəssislər soyuq havada ətin qəbulunu artırmağı tövsiyə edirlər.
7. Orqanizmi tez isitmək üçün ədviyyatlı içkilər için: zəncəfilli çay, hil və mixək əlavə olunmuş adi çay. Bu içkilər qan dövranını yaxşılaşdırır və daha tez isinməyə kömək edir.
A.S.
www.oxu.az