Şəmkirdə hərəkətdə olan avtomobil alışıb.
Oxu.Az "ARB TV"-yə istinadla xəbər verir ki, Şəmkirin Dəllər qəsəbəsində hərəkətdə olan avtomobildə yanğın baş verib.
Qəsəbə sakini Elşən Zülalovun idarə etdiyi "VAZ-2106" qəfildən alışıb. Sürücü dərhal əyləci basıb və avtomobili tərk edib. FHN-nin yanğınsöndürmə briqadası gələnədək ətrafdakı insanların köməyi ilə alovun qarşısı alınıb. Avtomobilin salonu yararsız hala düşüb.
İlkin ehtimala görə, yanğına nəqliyyat vasitəsinin elektrik sistemində yaranan nasazlıq səbəb olub. Yanğının səbəbləri araşdırmalardan sonra bəlli olacaq.
A.M.