Azərbaycanın paytaxtında “Musiqili Olimp” Beynəlxalq Fondu ikinci dəfə nüfuzlu beynəlxalq musiqi müsabiqələrinin gənc laureatlarının konserti keçirilib.
Oxu.Az xəbər verir ki, Fondun dəstəyi ilə Müslüm Maqomayev adına Bakı Dövlət Filarmoniyasının Böyük zalında Üzeyir Hacıbəyov adına 5-ci Beynəlxalq Musiqi festivalında ABŞ, Rusiya və Litvadan olan gənc istedadlı musiqiçilər çıxış ediblər.
“Musiqili Olimp” festivalı işçtirakçılarının konserti sentyabrın 20, 21 və 23-də baş tutub
Bakı Dövlət Filarmoniyasının səhnəsində Boqdan Varxal adına Slovakiya Dövlət kamera orkestrinin müşayiəti ilə amerikalı saksofonist Aşu və Rusiyalı pianoçu Varvara Nepomyaşaya çıxış ediblər.
Onlar A.Qlazunov, A.Pyatsolla, İ.Bax, F.Şopen və digər bəstəkarların əsərlərini ifa ediblər.
Orkestrə Sankt Peterburq şəhərində festivalda dəfələrlə iştirak edib və “Musiqili Olimp” tamaşaçılarının simpatiyası mükafatını qazanmış Azərbaycanlı dirijor Eyyub Quliyev rəhbərlik edib.
Konsert Litvadan olan Poşkute və Tomas Daukantasın Piano Duo fortepiano duet ifasında M.Ravel, F.List və P.Çaykovskinin əsərləri ilə yekunlaşıb.
“Biz Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşılığımızın uğurla davam etməsinə çox şadıq. Bu əməkdaşlıq nəticəsində Bakıda keçirilən Üzeyir Hacıbəyov adına Beynəlxalq musiqi festivalında gənc istedadlı musiqiçiləri yenidən təqdim edə bildik. Bakı tamaşaçısı çox səmimidir və musiqini layiqincə dəyərləndirir. Onlar Aşunun temperamentini, Varvaranın düşüncəli ifasını və Paşkute-Daukantas ansamblının parlaq ifasını bəyəndilər, onların ustalığı və musiqi istedadını yüksək dəyərləndirdilər”- deyə, “Musiqili Olimp” fondunun prezidenti İrina Nikitina qeyd edib.
Qeyd edək ki, “Musiqili Olimp” Beynəlxalq festivalı 1996-cı ildən başlayaraq hər il Sankt Peterburq şəhərində keçirilir. Festivalın əsas məqsədi – gənc və istedadlı musiqiçilərə onların yaradıcılıq karyerasının ilk günlərindən dəstək olmaqdır.
Bunun üçün Fond Zürix, Nyu York, Berlin, Sinqapur və digər şəhərlərdə təqdimat-konsertləri təşkil edir. 2012-ci ildə ilk dəfə olaraq Fond gənc musiqiçiləri Bakıda keçirilən Üzeyir Hacıbəyov adına Beynəlxalq musiqi festivalında da təqdim etdi. Fondun xaricdəki konsertlərində iştirak etmək imkanı Sankt Peterburq festivaının yalnız ən parlaq iştirakçılarına təqdim olunur.