Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində paytaxtımızın müxtəlif məkanlarında maraqlı konsert proqramları təqdim edilir.
Oxu.Az xəbər verir ki, ötən gün məşhur və sevilən pianoçu Etibar Əsədli Bakıda bir neçə ildən sonra konsert proqramı ilə çıxış edib.
“9 ildir Azərbaycanda öz triomla çıxış etməmişəm. Bu il muğam festivalı çərçivəsində konsertim təşkil olundu. Festivalın təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı ifadə edirəm. Biz tamaşaçılara Azərbaycanın xalq mahnıları, muğamları və caz musiqisini təqdim etdik”, - deyə Etibar Əsədli bildirib.
Etibar Əsədlinin konsert proqramına “Salam”, “Arşın mal alan”, “Laylay”, “Qara qaşın vəsməsi” kimi kompozisiyalar, həmçinin xarici bəstəkarların musiqiləri daxil idi. Bu dəfə də musiqiçi ifası ilə dinləyiciləri heyran edib.
Bakı şəhərində anadan olan Etibar Əsədli burada tam olaraq akademik musiqi təhsili alıb. O, yerli və beynəlxalq caz festivallarında uğurlu çıxışlar edib. ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Çin, Fransa, İsveçrə, Portuqaliya, Rusiya, Türkiyə və digər ölkələrdə fərqli layihələrdə konsertlər verib.
Hazırda Etibar Əsədli Paris şəhərində yaşayır. Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil məktəbinin məzunudur. Eyni zamanda, Avropanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.
Xatırladaq ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.
Etibar Əsədli illər sonra Beynəlxalq Musiqi Festivalında konsert verdi - FOTO/VİDEO
Rəylər