Noyabrın 22-də Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Fikrət Əmirovun adını daşıyan 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbində bəstəkarın anadan olmasının 94 illiyi münasibətilə tədbir təşkil olunub.
İdarədən Oxu.Az-a bildirilib ki, öncə məktəbin nəzdində Fikrət Əmirov adına muzeyin açılışı olub. Burada bəstəkarın kitab, elmi məqalə və musiqi əsərləri yer alıb. Daha sonra qonaqlar məktəb şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra məktəbin akt zalında “Fikrət Əmirovun musiqisini ifa və təhlil edirik” adlı elmi ifaçılıq konfransı öz işinə başlayıb. Fikrət Əmirovun “1001 gecə” baletindən “Şəhrizadın rəqsi”, “Uşaq lövhələri”, “Skertso”, “Elegiya”, “Sevilin ariyası”, “Lirik rəqs” və digər əsərləri səsləndirilib.
Konfransda Fikrət Əmirov adına 6 nömrəli onbirillik Uşaq İncəsənət Məktəbin direktoru, Əməkdar müəllim Ədilə Yusifova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova və Azərbaycan Milli Konservatoriyasının prorektoru, dosent Lalə Hüseynova Fikrət Əmirovun həyat və yaradıcılığından söz açıblar.
Bəstəkarın oğlu Cəmil Əmirov ailəsi adından tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək məktəbə xatirə hədiyyələri təqdim edib.
Tədbir “Min bir gecə” baletinin musiqisi əsasında rəqs nümayişi ilə yekunlaşıb.
A.S.
www.oxu.az