Turanə Hüseynli yazır...
Müzakirəsiz yaşamın ən maraqlı dönəmlərindən birinə şahidlik edirik. Evdə oturduğumuz yerdə şirkət qura bilərik; bir video ilə milyonlarla insana çatarıq; bir gecədə məşhur və milyonçu olarıq.
Şanslı və çalışqansınızsa, bu gün əlinizdə olan fürsətlərlə istənilən biznes fikrini satmaq və tanıtmaq çox asandır.
Fərqi yoxdur, bugünkü dönəmdə ya 10 il əvvəl, ya da keçən əsrdə, bütün yaradıcı uğurlarda hekayələr bir mənbədən bəhrələnir - ehtiyacdan ya da yorğunluqdan.
Ya da belə ifadə edək: yorğunluqdan yaranan ehtiyacdan...
Hansı ki, bəzən insanın həyatı böyük faciələrlə deyil, kiçik və davamlı o yorğunluqlarla dağılır: vaxtında ödənməyən hesablarla. Hamının səndən nəsə gözləməsi ilə. Başqalarının məsuliyyətini də öz çiyinlərində daşımaqla. Və bir gün güzgüyə baxıb əvvəllər kim olduğunu xatırlaya bilməməklə.
Belə zamanlarda çarəsizlikdənmi, olduğun reallığı unutmaq üçünmü, bilmirəm, insan hər detal haqqında fikirləşməyə başlayır. Mənasız görünən hər şeyin içində məna axtarıb suallar verir. Bəzən o suallar uçuruma, bəziləri isə zirvəyə aparır. Bu gün həyatımızda olan hər əşyanın bir vaxtlar kiminsə həyatının hansısa anında doğan fikirlərin nəticəsi olduğu kimi.
Günlük həyatımızda ətrafda olan hər şey - hansı bir kəşf - kimlərinsə cəsarətli addımlarının bəhrəsi, həyatlarının dönüş nöqtəsi və əsl uğur hekayəsidir.
Bəlkə də belə hekayələr bizə bəzən ən bəsit görünən fikrə inanmağın nə qədər önəmli olduğunu xatırlatmaq üçün əla yoldur. Mənim yolum isə bəllidir: filmlər. Mənim kimi hər sualına, hər probleminə, hər anına filmlərlə çarə axtaran birisinizsə və xüsusilə sizə real həyat hekayələrinə əsaslanan ekran işləri cəlbedici gəlirsə, yaxın əyləşin..
Döşəməsiləndən qurulan imperiya: "Joy"
Devid O. Rassellin bu filmi kifayət qədər qeyri-adi və xaotik vəziyyətdə olan kasıb ABŞ-li ailə haqqında hekayədir və möcüzəvi döşəməsilənin real ixtiraçısı Coy Manqanonun həyatına həsr olunub. Baş qəhrəman rolunda Hollivudun əsas gənc aktrisası Cennifer Lourens çəkilib və bu, onun çox sevdiyi rejissorla üçüncü işidir.
Onun adı "Coy"dur ("sevinc"), amma həyatında sevinc kifayət qədər azdır.
Başqa evə imkanı çatmadığı üçün uğursuz musiqi karyerası ilə mənzilin zirzəmisində keçmiş əri yaşayan gənc tək anadır. "Coy" gecə-gündüz işləyir ki, tamamilə onun enerjisindən asılı olan ailəsini dolandıra bilsin. Ailənin əsas pul qazananı və evin bütün qayğılarının üstünə düşdüyü ocaq qoruyucusu odur. Virciniya Medsenin canlandırdığı "Coy"un anası varlılar haqqında gülünc, ehtirasla dolu və sonu görünməyən sabun operalarına baxmaqdan başqa heç nə ilə məşğul deyil. Anası ilə boşanmış atası sevgi axtarışındadır və növbəti ayrılıqdan sonra nifrət etdiyi keçmiş kürəkəninin yaşadığı həmin zirzəmiyə köçür. Birincini Devid O. Rassellin filmlərinin daimi qonağı Robert De Niro, ikincini isə son dövrlərin dəbli aktyoru Edqar Ramires canlandırır. "Coy"un atasına avtomobil təmiri emalatxanasında işləri idarə etməkdə kömək edən bir bacısı da var - Elizabet Röhm. Baş qəhrəmanın onunla münasibətləri yaxşı deyil. Ümumiyyətlə, Devid O. Rassell filmlərində dəlixana içində hekayə yaratmağı sevir. Hər zaman olduğu kimi, burada da personajların adekvatlığından əsər-əlamət yoxdur. Deyəsən, "Coy" üçün ailənin ən əziz üzvü üç dəfə "Oskar"a namizəd olmuş Dayan Leddin canlandırdığı nənəsidir. "Coy"un qeyri-adi bir taleyə layiq olduğuna ondan çox inanan və bunu arzulayan başqa heç kim yoxdur. O bilir ki, nəvəsi hələ balaca qız ikən möhtəşəm şeylər ixtira etməyə başlayıb. Yaşı artdıqca bu ixtiralar daha mənalı olub, amma ailədə heç kim onları patentləşdirməyə baş vurmayıb.
Elə bu məqamda biznes, kovboylar, kapitalizm, kreditlər və hakimiyyətlə birlikdə "Amerika arzusu" meydana çıxır. Müasir "Zoluşka"mız "Coy" isə döşəməsiləni ilə birlikdə bu dünyanın içinə başıaşağı atılır. Təbii ki, nağılımız dahiyanə ideya, gözəl şahzadə, inanılmaz uğur, zalım qəhrəmanlar kimi elementlər də qazanır...
Film Coy Manqanonun bioqrafiyasındakı real faktlara qismən əsaslansa da, bəzi detallar Devid O. Rasselli və filmdə danışılan hekayənin həmmüəllifi Enni Mumolonu ilhamlandıran başqa qadınların həyatından götürülüb.
Film ilk növbədə güclü qadından bəhs etdiyi üçün cəlbedicidir. Hollivud kinosunda qadın heç də tez-tez əsas personaja çevrilmir - bu mövzuda seriallarda demək olar, vəziyyət daha yaxşıdır.
Bu filmdəki obrazlar bir az karikaturadır, amma məhz içlərindəki kiçik çürüklük onları tamamilə canlı və inandırıcı edir. Bir çox nüanslarda dəhşətli dərəcədə qıcıqlandırsalar da, nəticədə cazibədar da görünə bilirlər.
Hekayənin dönüş nöqtəsi "Coy"un qohumlarının növbəti səhvini düzəldərkən xəsarət alması və birdən ağlına ideya gəlməsi ilə başlayır. O, öz-özünə sıxılan "möcüzəvi döşəməsiləni" ixtira edir. Ev təsərrüfatında nəyin çatışmadığını ondan yaxşı kim bilə bilərdi ki? "Coy" film ərzində əvvəllər ona tamamilə yad olan biznes incəliklərini mənimsəməyə çalışacaq, düzgün və yanlış qərarlar verəcək, sonda televiziya kanalına rəhbərlik edən Bredli Kuperin personajının köməyi ilə "divanda mağaza"ya düşəcək.
"Coy"un həm inanılmaz yüksəlişləri, həm də enişləri ilə dolu filmdə gərginlik zarafat deyil və çox vaxt ekran vaxtının növbəti saniyəsində nə baş verəcəyini təxmin etmək olmur. "Coy" öz təcrübəsində öyrənir ki, biznesdə bir uğur nəinki əbədi firavanlığa, ümumiyyətlə, rahatlığın özünə belə zəmanət vermir. Onu "dişinlə qoparıb" almaq, yalnız özünə güvənmək, xeyirxahların axmaqlığını və guya köməkçilərin alçaqlığını dəf etmək lazımdır. İlk uğur yolun sadəcə başlanğıcıdır.
"Coy" Amerika arzusunun gerçəkləşməsi, yoxsulluqdan var-dövlətə yüksəlmək və ya "Zoluşka" haqqında sadə hekayə deyil. Qəhrəman üçün əsas məqsəd pul, məşhurluq, başqaları üzərində qələbə kimi uğur və ya hansısa sahədə birincilik deyil. Döşəməsiləni ixtira etmək və öz biznesini inkişaf etdirmək ona ilk növbədə özünə dəyərli, sıradan biri deyil, istedadlı və ağıllı olduğunu sübut etmək imkanı verir. Ən əsası isə özünə və arzularına sadiq olduğunu, ixtiraçı olmaq taleyini xəyal edən həmin balaca qıza xəyanət etmədiyini göstərir. Bu, uğura yox, xoşbəxtliyə aparan yoldur. "Coy"un sevincə gedən - özünə doğru yoludur.
Nəticədə "Coy" yaxşı insan haqqında hekayədir, adama yaxşı təsir edən filmdir.
Bu, sevincə sahib olmaq hüququ haqqında filmdir.