Heydər Əliyev Mərkəzi Azərbaycan musiqisinin yaşadılması, caz sənətinin inşikafı və müxtəlif mədəniyyətlərin bir-birinə inteqrasiyası istiqamətində daha bir layihə həyata keçirir.
Oxu.Az Mod.Az-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzindən Trend-ə bildiriblər ki, bu layihə çərçivəsində oktyabrın 20-də Mərkəzdə məşhur caz ifaçısı, Azərbaycanın əməkdar artisti Şahin Növrəslinin “Bayatı” adlı konserti keçiriləcək.
Konsertdə müəllif bəstələri, Azərbaycan klassik və xalq musiqi əsərlərinə caz improvizasiyaları səslənəcək. Gecədə həmçinin xüsusi qonaq, finlandiyalı müğənni Yanita (Janita) öz məşhur ifaları ilə çıxış edəcək.
Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayıb və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib.
Konsertin xüsusi qonağı Yanita (Janita) 1978-ci ildə Helsinki şəhərində anadan olub. Müğənni- bəstəkardır. İndiyə qədər 8 albomu işıq üzü görüb və onlardan bir neçəsi Finlandiyanın “Top 40”da yer alıb.
Konsertin təşkilatı dəstəyi “A+A Event” şirkətidir (Trend).