Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib
Bu gün Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Meysəri kəndində III Üzüm və Şərab Festivalına start verilib.
"Report" xəbər verir ki, sabah başa çatacaq tədbir yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılması məqsədi daşıyır.
Festival ərazisində sərgi, əyləncə, müxtəlif master-klass zonaları və tanınmış restoranların pavilyonları quraşdırılıb, 23 şərab evinin iştirakı təmin olunub. Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələrin təşkili nəzərdə tutulub.
Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dada, həmçinin bəyəndikləri məhsulları ala bilirlər.
Festivalda şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olan sənaye üzvləri, rəsmi və media nümayəndələri daxil olmaqla, şərab həvəskarları aktiv formada iştirak edirlər.
Xatırladaq ki, Dövlət Turizm Agentliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatını aparır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır. Həmçinin Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış "İter Vitis" maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.
Rəylər