Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalovdur.
- Fəal gənc idmançı və federasiya rəhbəri Aqil Acalov əslində kimdir?
- Mən Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Acalovlar nəslindənəm. Məşhur İsrafil bəy Acalov (erməni generalı Nazarbekyanın başını kəsən, Borçalıda ermənilərin türklərə qarşı törətmək istədikləri soyqırımın qarşısını alan və yüzlərcə ermənini məhv edən tarixi şəxsiyyət) və (Cənub Qərbi Qafqaz Türk Respublikasının dövlət başçısı olmuş) Emin bəy Acalovun nəticəsiyəm.
Anam müəllimə, atam keçmiş məmurdur. Hal-hazırda isə iş adamıdı. Qardaşım var və hər ikimiz dövlət qulluqçularıyıq. Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatı dövlətin tənzimlənməsi fakültəsinə qəbul olmuşam. 2007-ci ildə Əməyin iqtisadiyyatı və sosiologiyası ixtisası üzrə fəxri diplomla bitirmişəm.
Həmin il magistraturaya sənədlərimi verdim və qəbul olundum. 2009-cu ildə fərqlənmə diplomu ilə bitirdim. Hal-hazırda doktoranturada təhsilimi davam etdirirəm. Elmi dissertasiya işinin müzakirəsi ilə məşğulam, bir sıra elmi məqalələrin müəllifiyəm. Məqalələrim həm xaricdə, həm də Azərbaycanda nəşr edilib.
- İctimai sektorda ilk fəaliyyətiniz və hansı işləri görmüsüz?
- Mən 2003-cü ildən ictimai fəaliyyətlə məşğul olmağa başlamışam. Həmişə məktəbdə, universitetdə fəal olmuşam və bu, indiyənə kimi özünü göstərir. Deməli, 2003-2005-ci illərdə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər üzrə həmrəylik assosiasiyasının koordinasiya şurasının sədri, 2005-ci ildən bu günə qədər Azərbaycan və Gürcüstan gənclərinin həmrəylik assosiasiyasının sədri, 2007-ci ildə dünya azərbaycanlıları konqresi, gənclər təşkilatının sədr müavini, 2009-cu ildə isə sədr vəzifəsinə səsvermə yolu ilə seçilmişəm.
2011-ci ildən əziz dostum beynəlxalq dərəcəli idman ustası Vasif Namazovun dəvəti ilə əvvəllər Sayokan, indi isə Alpaqut adı ilə fəaliyyət göstərən federasiyaya dəvət olundum və 1-ci vitse-prezident vəzifəsinə təyin olundum.
2014-cü ilin yanvar ayından isə idarə heyətinin qərarı ilə federasiyanın prezidenti təyin olundum. 2013-cü ildə Gələcəyə Baxış adlı ictimai ümumrespublika hərəkatının təsisçilərindən biri, həm də həmsədri olmuşam. Yeni Azərbaycan Partiyasının üzvüyəm.
- Həm idmançı, həm siyasətçi? Uyğunlaşa bilirmi?
- Mənim üçün çətin deyil, öyrəşmişəm. Uşaqlıqdan gördüklərim, bildiklərim, öyrəndiklərim indi mənə kömək olur. Təsəvvür edin gözümü açıb hər kəsi oxuyan görmüşəm. Hamını işdə-gücdə olan görmüşəm. Artıq bu, mənim birbaşa işim idi ki, istədiklərimi, planlarımı edim.
- İlk hansı idmanla məşğul olmusuz?
- Cüdoyla məşğul olmuşam, Azərbaycan yığma komandasının üzvü olmuşam. Daha sonra kikboksinqlə məşğul olmuşam. Zədələrim oldu və həkim davam etməyə icazə vermədi, amma mütəmadi olaraq sadəcə sağlamlıq üçün davam edirəm.
- Alpaqut döyüşü nədir? Kökləri türksoylu xalqlara aid olan idman növü? Bizdə bu idman növünə yanaşma necədir?
- Əvvəllər Sayokan adı ilə fəaliyyət göstərirdik, bu ildən isə idarə heyətinin qərarı ilə adını dəyişərək Alpaqut qoyduq. Mənası döyüşçü, təkbaşına döyüşən deməkdir. Başqa mənası isə kişi deməkdir.
Yanaşma isə bizi sevindirir. Biz 2008-ci ildən fəaliyyət göstəririk. Qısa müddətdə tanınmasına baxmayaraq, 2000-ə yaxın idmançımız var. Bölgələrdə nümayəndələrimiz, filiallarımız fəaliyyət göstərir.
Tovuz, Qazax, Qarabağ zonası, Bərdə, Ağdam, Ağcabədi, şimal bölgəsi, Quba, Xaçmaz, cənubda Neftçala, Salyan, Lənkəran, Bakı və Bakının rayonları, Binəqədi, Sabunçu, Bakıxanov, Nərimanov və Sumqayıt, Xırdalan şəhərlərində yerli filiallarımız və bölmələrimiz aktiv fəaliyyət göstərməkdədir.
Bu idman bizim tariximizdir. Hər ölkənin özünün idman növünün idman tarixçəsi var, eləcə də bu idman növünün tarixi var. Qədim köklü idman növüdür. Məqsədim bu idman növünü tanıtmaq, inkişaf etdirməkdir.
- Bütün idman növlərində yarışlar var və yüksək səviyyədə keçirilir. Mənə maraqlı olan isə həmişə nəticəsidir. Sizin yarışların nəticəsi olurmu?
- Biz yarış xətrinə yarış keçirmirik. Həm də keçirdiyimiz yarışlara fikir veririk ki, bizə, cəmiyyətə nə verəcək. Keçirdiyimiz yarışlardan məsələn, uşaq cinayəti və norkamaniyaya qarşı, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yarış, Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir və s. var.
Biz federasiya olaraq bu cəmiyyətin, bu dövlətin savadlı, düzgün, sağlam düşüncəli olmasına çalışırıq. Bu yaxınlarda talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım olaraq qanvermə aksiyası keçirmişik və davamlı olaraq da bir çox xeyriyyə tədbirləri keçiririk.
- Bizim siyasətçilərdən kimləri bəyənirsiz?
- Mən Heydər Əliyev siyasətini bəyənmişəm və bu gün də İlham Əliyevin siyasəti ilə gedirik. Hamı siyasətdə ola bilər, amma bu, o demək deyil ki, o siyasətçidir.
- Əsəbiləşəcəyiniz ən son jest hansıdır?
- Səbirli, sakit adamam, təmkinliyəm. Çalışıram əsəbiləşdiyim an sakit durum. Səbir nümayiş etdirmək böyük hünərdir.
- Kimə çox ucuz hədiyyə almısız?
- Düzünü desəm, hər zaman çalışmışam hədiyyə aldığım adamın zövqünü oxşayım (gülür).
- Ədəbiyyatı sevirsiz? Kimləri oxumusuz?
- Ədəbiyyatı sevirəm desəm yanılmaram. Gabriel Garsiya Markes, Ernest Hemenquey, Şekspiri, Dostoyevskini, Karnegin, Homer, Lev Tolstoy, Mark Tven, Karl Marks (Kapital), Kisincer və s. oxumuşam. Hal-hazırda Boris Tenenbaumın “Velikiy Cherchil” əsərini oxuyuram. Bizim yazıçılardan isə Hüseyn Cavid, A.A.Bakıxanov, Çingiz Abdullayevin əsərlərini oxumuşam. Mütaliə ilə çox məşğulam və bundan zövq alıram.
Nərmin Kazımova
www.oxu.az