Toksikoloji şöbəyə xəstələr hansı növ zəhərlənmələrlə daxil olurlar? Media.Az bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudovla danışıb.
- Azər müəllim, bu günlərdə xəstələri daha çox hansı zəhərlənmə ilə qəbul edirsiniz?
- İndiki dövrdə ən çox dəm qazı ilə zəhərlənmə hallarına rast gəlinir. İkinci yerdə medikamentoz zəhərlənmələrdir.
- Bu intihara cəhd zamanı baş verir?
- Həmişə yox. Çox vaxt bu, dərman dozasının həddinin aşılmasıdır. Yəni xəstə daha böyük dozada və ya eyni vaxtda çox müxtəlif dərmanlar qəbul edir, orqanizm isə onları sadəcə olaraq qəbul etmir. Üçüncü yerə, xəstələrin sayını nəzərə alsaq, sirkə turşusu ilə zəhərlənmə deyərdim. Bax bu, intihara cəhddir.
- Belə hal əsasən gənclər arasında yayılır?
- Həmişə yox. Adətən 30-50 yaş arası həm kişilər, həm də qadınlarda olur.
- Müalicə müddətində onlara psixoloji yardım göstərilirmi?
- Bəli, təbii ki, onlar bir-iki həftə xəstəxanada yatırlar. Bütün bu müddət ərzində onlarla psixiatrlar mütləq şəkildə işləyir.
- Ölkədə narkomaniyaya qarşı fəal mübarizə aparılır. Həddindən artıq doza qəbul etmiş insanlar sizə nə qədər tez-tez müraciət edirlər?
- Tez-tez deyil, ayda təxminən 4-5 hadisə qeydə alınır. Bunlar, bir qayda olaraq, 20-25 yaşlı şəxslərdir.
- Onlar nə istifadə edirlər? Hansı narkotiki qəbul edirlər?
- Psixotrop maddələr, o cümlədən heroin, amfetamin, metamfetamin….
- Artıq doza ilə bağlı ölümlər tez-tez baş verir?
- Xeyr. Xəstəxanaya çox gec gətirilənlərdən başqa demək olar ki, hər kəs xilas ola bilər.
- Gec?
- Məsələn, həddindən artıq doza qəbul edilməsinin ertəsi günü - insan uzun müddət bu vəziyyətdə olanda, beyində, ürəkdə, ağciyərdə və digər orqanlarda ağırlaşmalar başlayanda.
- Bəs uşaqlar sizin şöbəyə nə qədər tez-tez gətirilirlər?
- Olduqca nadirdir.
- Bəs ən çox hansı zəhərlənmələrlə müraciət olunur?
- Dəm qazı zəhərlənmələri ilə. Bu gün bu növ zəhərlənmələr digərlərindən üstündür, apreldən sonra vəziyyət dəyişəcək və medikamentoz zəhərlənmələr ilk yerə çıxacaq, yaya yaxın isə gürzə sancması qurbanları gəlməyə başlayacaq.
- Keçən il saxta alkoqollu içkilərlə zəhərlənmə halları kifayət qədər tez-tez olurdu, hazırda bu baş verirmi?
- Keçən il kütləvi xarakter daşısa da, bu il tək-tək olur. Bir müddət əvvəl yanıma metil spirti ilə zəhərlənmiş gənc gəldi. O, spirtli içki içib, tərkibində metil spirti icazə verilən normadan dəfələrlə artıq olub. Biz onu çətinliklə xilas etdik! Ümumiyyətlə, bu növ zəhərlənmə çox ağırdır.
Cəmilə Ələkbərova