Bu günlərdə internetdə amerikalı və ya avropalıların kosmosun tədqiqində yeni nailiyyətlər əldə etdikləri və yeni zirvələri fəth etdiklərinə dair məlumat peyda olur.
Qibtə etməli haldır.
NASA Plutonun və onun peyklərinin tədqiqatı çərçivəsində New Horizons stansiyası məlumat toplayıb və artıq Yer kürəsinə yollayır. 2006-cı ilin yanvar ayının 19-da kosmosa buraxılan aparat bu səma cisminə 12,5 min km məsafəyə qədər yaxınlaşıb.
Məlum olub ki, Kaliforniya universiteti yanında SETİ Tədqiqat mərkəzinin mütəxəssisləri Berklidə Yer kürəsindən kənarda həyat axtarmaq üçün layihəyə başlayırlar və axtarış zonası Yer kürəsindən 20 işıq ili və ya 190 trln. km məsafədə müəyyən edilib.
Bəs bizim Azərbaycan elmimiz? Biz də kosmosda həyat axtarırıqmı? Axı bizim, teleskopların quraşdırıldığı və alimlərin hər gün səmanı müşahidə etdikləri Şamaxı Astrofizika Rəsədxanamız var. Azərbaycan Milli Elmlər Akademiyasının sayəsində jurnalistlər üçün bu elm ocağına təşkil edilmiş tur zamanı mən rəsədxananın elmi katibi Vaqif Xəlilov ilə söhbət etməyə və bu sahədə Azərbaycanda işlərin nə yerdə olduğunu öyrənməyə müvəffəq oldum.
- Vaqif müəllim, mən başa düşürəm, maliyyə problemləri ucbatından biz amerikalılar və avropalılar ilə yarışa bilmərik, amma yenə də... Bu gün bizim alim və tədqiqatçılarımızın ortalığa çıxaracağı ixtira və tədqiqatlar mövcuddurmu?
- SSRİ-nin süqutuna qədər bizim alimlərin tədqiqatları o illərin dünya standartlarına tam uyğun idi. O dövrdə elm müvafiq şəkildə maliyyələşdirilirdi, digər sosialist ölkələrin alimləri və İttifaq daxilində elmi mərkəzlər ilə əlaqələr saxlanılırdı. Bu məkanda rəsədxana xüsusi tematikaya malik idi və fəaliyyəti mərkəzdən, yəni Moskvadakı Astronomik İttifaq tərəfindən tənzimlənirdi. Amma SSRİ-nin süqutundan sonra, hətta Rusiya belə öz tədqiqat işlərini dünya səviyyəsinə çatdıra bilmir. Bizim rəsədxana isə bu planda çox geridə qalıb.
Biz 1988-ci ildən 1997-ci ilə qədər olan dövr ərzində çox şey itirdik, yalnız 90-cı illərin ortalarından çox asta sürətlə, amma əminliklə irəliləməyə başladıq. Perspektiv tematik tədqiqatlar meydana gəldi və dünya səviyyəsinə müvafiq məsələlər ortaya qoyuldu. Amma bu “durğunluq” dövrü ərzində əsl texniki inqilab baş verdi. Yeni işıq qəbulediciləri tətbiq edilməyə başlandı. Daha öncə bizim müşahidələrimiz əsasən fotoplastinka və plyonkalarda qeyd edilmiş məlumata əsaslanırdı, bu dövr ərzində isə bütün elm dünyası (postsovet məkanı ölkələrində astrofiziki mərkəzlərdən başqa) CCD (charge-coupled device) matrisalara keçib.
Fərqini qısa şəkildə izah edim. Biz əvvəllər də fotoplyonka və fotoplastinkaları ABŞ-dan valyuta ilə, məşhur Kodak firmasından alırdıq. Daha sonra bu plyonkaların çatdırılması dayandırıldı və elmi müşahidələrdə geri qalmağa başladıq. Kadrlarımızı itirirdik, çünki maaşın azlığından Şamaxı Rəsədxanasının bir çox alimləri Türkiyə və İsrailə getdilər.
- Bu gün vəziyyət fərqlidir və bəlkə dünya elm ictimaiyyətinə və ümumiyyətlə, bəşəriyyətə elmi planda cüzi olsa da, amma bizim, Azərbaycana aid yeni bir şeyin müəyyənləşdirilib təqdim edilməsi zamanı gəlmişdir. Təklif etmək üçün nə isə mövcuddur?
- Elmə, hətta bir alim belə müəyyən töhfə verə bilər. Biz aparıcı astrofiziki mərkəzlərlə rəqabəti hədəf götürmürük. Hal-hazırda səkkiz elmi mövzu işlənir və hesab edirəm ki, onların üç, ya dördü dünya səviyyəsinə müvafiqdir.
Ümumiyyətlə, elmi işin uğuru digər alimlərin publikasiyalarında bu işə verilən istinadlarla müəyyənləşdirilir. Əgər iş səviyyəli aparılıbsa, o zaman alınan nəticələrə digər alimlər də əsaslanacaqlar. Şamaxı Rəsədxanasının direktoruna (AMEA-nın müxbir-üzvü N.S.Cəlilov) 1500-dən çox istinad var.
- Bu yaxınlarda xarici KİV-də xarici alimlərin kosmosa peyk çıxararaq, həmin peykdə teleskoplar üçün 12 metr diametri olan linzanı quraşdırmağa hazırlaşdıqları barədə məlumat yayılıb. Etiraf edim ki, qibtə ediləcək haldır...
- Bizim linza da iki metrlik linzadır. Amma şikayətlənmirik. Günəşin tədqiqinə dair nəzəri problemləri tədqiq edirik. Günəşin qlobal burulğan titrəmələrin nəzəriyyəsi yaradılıb. Günəşdə 1-3, 18-30, 100 və 1500-20000 illik iri fasilələrlə modların olduğu göstərilib, onlar Günəşin inteqral işıqlanmasına təsir edir. İlk dəfə bu titrəmələr Yür kürəsində iqlimin qlobal dəyişməsinə səbəb ola bilər.
Günəş-yer əlaqəsi fizikasında artıq bir neçə yaxşı iş var. Günəşin aktivliyinin Yer kürəsinə təsirini öyrənirik. Müxtəlif səviyyəli geomaqnit fırtınaların və geomaqnit titrəmələrin texnoloji və bioloji sistemlərə təsirini öyrənirik. Güclü geomaqnit titrəmələri ilə yanaşı ən zəif titrəmələrin belə təsiri müəyyənləşdirilib. Kosmik şüaların variasiyalarının insanın qomeostazında xüsusi rolu göstərilib.
Bilirsiniz, Günəşin fəallığı, hətta neftin boru kəmərində nəqlinin sürətinə, elektrik təchizatında qəzaların və yarımstansiyaların, transformatorların sıradan çıxma sayına da təsir edə bilər.
Günəşin fəallığının və onun insan səhhətinə, ürək-damar dinamikası xəstəliklərinə (qəfil ürək dayanmasından ölüm, kəskin miokard infarktı və s.), insanın ürək-damar sisteminə təsirinin tədqiqi üzrə böyük iş görülür. Bizim artıq müəyyən nəticələrimiz var. Belə işlər əsasən statistikdir və zamanında tibbi statistikanın təqdimini tələb edir.
- Şamaxı Rəsədxanasının tədqiqat proqramında bu gün hansı obyektlər mövcuddur?
- Fövqəlnəhəng, maqnit və simbiotik ulduzların tədqiqatı aparılır. Yeni ulduzların tədqiqatı xüsusi maraq oyadır. Müşahidə edilən yeni ulduzların çoxunun ətrafında protoplanetlərin inkişaf etməsi mərhələsində ola bilir. Eləcə də bizim Günəş sistemimizin planetlərinin atmosferinin tədqiqatı davam edir.
- Xarici asrtofizikaçılar iddia edirlər ki, cırtdan Qlizdə, daha doğrusu onun yanında ekzoplanetlər, yəni yaşamaq üçün yararlı olan planetlər ola bilər. Bu qəbildən olan tədqiqatları sizin elmi mərkəzdə aparmaq olarmı?
- Prinsipcə olar. Amma bunun üçün yaxşı işıq qəbulediciləri və informasiyanın emal edilməsi üçün geniş imkanlara malik aparatlar gərəkdir. Ulduzları müşahidə edərkən onların ətrafında planetlərin fırlandığını və ya fırlanmadığını deyə bilərik. Sadəcə uzun müddət bu ulduzları müşahidə etmək lazımdır. Planet bir dəfə ulduzun yanından keçə bilər, onu hansısa simmetriya və xətlərdə “hiss etmək olar”.
Çox şey planetin ölçülərindən asılıdır. Amma iddia irəli sürmək üçün zaman lazımdır ki, bunun planet və ya digər fiziki məfhum olduğu müəyyənləşdirilsin. Bununla yanaşı, planetin ulduz ətrafında dönməsini də müəyyən edə bilərik. Və o, Yer kürəsinin Günəş ətrafında vurduğu kimi öz dövrəsini bir ilə başa vurarsa, bu, yaxşı bir xəbər olar. Mars - məsələn, Günəş ətrafında öz dövrəsini 2 ilə, Yupiter isə 12 ilə başa vurur. Mən bunları sizə bu məsələnin nə qədər mürəkkəb olduğunu izah etmək üçün deyirəm.