Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat: “Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına daha çox rast gəlinir” – MÜSAHİBƏ
Milli Məclisin deputatı, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Əminə Ağazadənin Oxu.Az-a müsahibəsi:
- Milli Məclis tərəfindən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü təyin edilmisiniz. Bu günlərdə Komissiyanın tərkibi tam heyətdə yeniləndi, sədr seçildi. Siz korrupsiyaya qarşı mübarizə üçün hansı modeli təklif edirsiniz?
- Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Model olaraq bizim irəli sürdüyümüz strategiyada dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərdir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir. Korrupsiyanın kifayət qədər uzun təkamül dövrü yaşadığını və bu kimi əməllərin insan fərdiyyətçiliyi- hərislik, güc əldə etmə həvəsi kimi bəşəri hislərlə qidalandığını nəzərə aldıqda onunla mübarizənin daimiliyi qaçılmazdır. Lakin texniki tərəqqi, demokratik cəmiyyətlərdə güclü ictimai nəzarətin formalaşması, hesabatlılığının artırılması, kütləvi informasiya vasitələrinin inkişafı, informasiya azadlığı haqqında qanunlar, vətəndaşlıq məsuliyyəti və ictimai qınaq məmur məsuliyyətini artırır. Nəticədə korrupsiya halları miqyası kiçilir və cəmiyyətin maraqları daha güclü qorunur. Mövcud praktika göstərir ki, korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətinin iştirakçılığını təmin edən ölkələr daha səmərəli mübarizəyə nail olur
- Beynəlxalq təşkilatların korrupsiya indekslərində Azərbaycanın yerini qənaətbəxş hesab edirsinizmi?
- Korrupsiyanın səviyyəsinin ölkələr üzrə ölçülməsi daimi müzakirə edilən bir məsələdir. Bu sahədə nə beynəlxalq qurumlar, nə akademik təsisatlar tərəfindən hələ vahid metodologiya formalaşdırılmayıb. Müxtəlif təşkilatlar fərqli metodologiyalardan istifadə edərək indekslər tərtib edirlər.
Nəticədə müxtəlif qurumlar tərəfindən tərtib edilən hesabatlar arasında bəzən ziddiyyətlər yaranır. Ona görə də həmin qiymətləndirməyə münasibət birmənalı deyil. Məsələn, “Transparency İnternational” təşkilatının özü də həmin indeksi sual altına qoyur. Bu metodologiyanın dəyişdirilməsi və hətta ondan imtina edilməsi ilə bağlı müzakirələr gedir. Məlumat üçün bildirim ki, 2004-cü ildən Azərbaycan Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Dövlətlər Qrupuna (GRECO) daxil olur. Qurumun son hesabatlarında göstərildiyi kimi, Azərbaycan dövləti təşkilatın tövsiyə etdiyi 21 təklifin 13-nü, yəni 62%-ni artıq yerinə yetirib. Təşkilatın digər hesabatına görə, dövlətimiz anti-korrupsiya tədbirlərinin yerinə yetirilməsində ilk on ölkə sırasındadır.
- Komissiyanın iclasında korrupsiyaya qarşı mübarizə sahəsində Milli Fəaliyyət Planının hazırlanması qərara alınıb. Bu Milli Fəaliyyət Planına nələrin daxil edilməsi gözlənilir?
- Əvvəlki illərdə daha çox məişət korrupsiyası ilə mübarizə gedirdi və bununla bağlı mexanizmlər yaradılırdı. Məsələn, dövlət xidmətlərinin “ASAN xidmət” vasitəsilə həyata keçirilməsi korrupsiyanın aradan qaldırılmasına yönəlib. Bu mərhələni başa çatmış hesab etmək olar. İndi isə daha yuxarı orqanlarda mövcud olan korrupsiyaya qarşı mübarizə başlayıb. Cənab Prezident dəfələrlə deyib ki, bu barədə heç bir güzəşt olmayacaq. Ona görə də ölkəmizdə korrupsiya ilə mübarizənin yeni mərhələsi yaranıb. Korrupsiyaya qarşı Komissiyanın yeni tərkibinin ilk iclasında Prezidentin yeni islahatlar kursu ilə bağlı bir sıra ciddi çağırışlar oldu. Hesab edirəm ki, bu planın əsas xətti nomenklatur səviyyədə olan korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılması olacaq. Artıq bu işə başlanılıb. Siyasi vəzifə tutan şəxslər, icra hakimiyyəti başçıları və nazir müavinlərinə qədər cinayət məsuliyyətinə cəlb olunanlar var. Ona görə də bu iş davam edəcək
- Korrupsiya sahəsində mübarizədə parlamentlə mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın gücləndirilməsi üçün nələr etmək lazımdır?
- Korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. İşçi qrupların yaradılması, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ictimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi labüddür. İqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunmalıdır. Dövlət qurumları öz fəaliyyətlərini ictimailəşdirməklə məlumat əlçatanlığının artırmaqla yanaşı, kənar nəzarətə də imkan yaradır. Dövlət qurumlarının hesabatlarının ictimailəşdirilməsi qanunla məcburi xarakter daşımalı, hesabatların ictimailəşdirilməməsi halı cinayət xarakterli əməllər sırasına aid edilməlidir.
- Azərbaycanda ən çox korrupsiyaya uğramış sahə hansıdır? Bununla bağlı bir müşahidəniz varmı?
- Təəssüflə qeyd edim ki, son dövrlərdə Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına daha çox rast gəlinir. Deputat kimi mənə ünvanlanan müraciətlərdə də bu məsələ öz əksini tapır. Lakin onu da qeyd etməliyəm ki, dövlətimizin bu istiqamətdə yürütdüyü sərt və davamlı siyasətin lazımi nəticələr verəcəyinə də şübhə yoxdur.
Aqşin Kərimov
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Bakıda Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun rəsmi açılış mərasimi başa çatıb
- Qanunsuz istənilən məbləğ və işıqsız qalan vətəndaş - MTK hansı qaydaları heçə sayır?
- BMT "ASAN xidmət"i 4 qitədə təşviq edəcək
- Ülvi Mehdiyev: "ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq"
- Estetik əməliyyatdan sonra vəsiqə və pasportlar dəyişdirilməlidir? - "Kaspi"nin ARAŞDIRMASI
Rəylər