Suallara “Viitorul” Sosial Təşəbbüslər və İnkişaf İnstitutunun eksperti Vyaçeslav Berbeka cavab verir.
- Azərbaycan və Moldovanı birləşdirən çox şey var. Bundan başqa, bu yaxınlarda Azercell şirkətinin rəhbəri K.Qaburiç Moldova hökumətinin rəhbəri seçildi. Onun namizədliyi vətəndə bir çox mübahisələrə səbəb olub, amma bu və ya digər halda o Azərbaycan ilə yaxşı tanışdır. İkitərəfli münasibətlərin perspektivlərini necə qiymətləndirirsiniz?
- K.Qaburiçin Azərbaycan ilə yaxşı tanış olması ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün əla imkandır. Onun təyinatının ölkələrimiz arasında münasibətlərin inkişafında yeni addım olacağına ümid etmək qalır.
- Hal-hazırda Ukrayna hadisələrinin Moldovada təkrarlanacağı barədə söz-söhbət gəzir. Bu xəbər nə dərəcədə əsaslıdır?
- Təəssüf ki, Moldova Respublikası müstəqillik qazandığı dövrdən müxtəlif növ təhlükələrin predmetinə çevrilib. Ukraynanın qarşılaşdığı vəziyyəti biz hələ 1992-ci ildə (Nesteryanı münaqişə) yaşamışıq. Düşünürük ki, hərbi ssenari az ehtimal ediləndir. Ukraynanın maneə olduğu faktını nəzərə almaq lazımdır. Hərbi ssenarini hal-hazırda faktiki olaraq həyata keçirmək mümkün olmayacaq. Digər tərəfdən isə Moldova Respublikasında sabitliyin pozulması ehtimalı var. Biz bununla Rusiyada şərab, tərəvəz, meyvə və s. ixracına embarqonun qoyulması ilə, və ya (Roqozin) Nesteryanını Aİ-yə gedən yolda itirəcəyimizə dair hədələr və Dnestrdə təxribatlar, və ya Rusiyayönümlü əhval-ruhiyyə ilə Qaqauz regionunda sabitliyin pozulması ilə rastlaşdıq.
- Bununla yanaşı Nesteryanı ətrafında baş verən münaqişə öz pozitiv dinamikası ilə Azərbaycan, Gürcüstan və Ukrayna ərazisində baş verən münaqişələrdən fərqlənir. Postsovet məkanında mövcud olan münaqişələrdə tərəflər arasında olan antaqonizmin yüksək səviyyəsindən bu münaqişədə necə kənar durmaq mümkün olur?
- Mən bu kontekstdə Ukrayna münaqişəsindən danışmazdım. Düşünürəm ki, dondurulmuş münaqişələri müqayisə etmək lazımdır. Nesteryanı münaqişəsinin Azərbaycan, Gürcüstan ərazisində olan münaqişələrindən fərqləndiyi fikri ilə tamamən razıyam. Bu isə ilk olaraq Nesteryanı münaqişəsinin etnik deyil, siyasi münaqişə olması ilə izah edilir. Ona görə də digər münaqişələrdə mövcud olan yüksək antaqonizm səviyyəsindən kənar qalmaq mümkündür.
- Ukraynada baş verən hadisələrin dramatikliyinə baxmayaraq, onların eləcə də pozitiv effektinin də olacağı barədə fikir populyardır. Belə ki, bu hadisələr regionda baş verən digər münaqişələrə də diqqət çəkəcək. Bu barədə nə düşünürsünüz?
- Mən başqa fikirdəyəm. Ukraynada baş verən hadisələr üzündən Nesteryanı münaqişəsi ikinci, hətta üçüncü plana keçib. Bu digər münaqişələrə də aiddir. Diqqət Ukrayna hadisələrinə yönəlib. Düşünürük ki, Rusiya Federasiyası dondurulmuş münaqişələri öz strateji maraqlarında istifadə edəcək ki, Ukrayna məsələsində özü üçün lazım olan nəticələri əldə etsin. Bu, qismən birinci sualınıza cavabdır.
- “Dondurulmuş” adlandırılan, ölkələrimizin ərazisində münaqişələrin həll edilməməsi, postsovet məkanının digər hissələrində yeni münaqişələr doğurur. Bununla yanaşı, Aİ-də artıq qonşuluq siyasəti özünü doğrultmadığını və ona yenidən baxmağın lazım olduğu deyilir. Aİ şərq sərhədlərində vəziyyətin sabitləşməsi istiqamətində hansı addımı ata bilər?
- Əslində Aİ-nin qonşuluq siyasətinə yenidən baxmaq barədə ciddi danışıqlar gedir. Bu yaxınlarda Avropa Komissiyasının hesabatı dərc edilib. Sənəd qonşuluq siyasətinin həyata keçirilməsində əməkdaşların qarşılaşdığı əsas çağırışları əks etdirən Müştərək konsultasiya (JOINT CONSULTATION PAPER) haqqındadır. Beləliklə, Aİ bu sənəddə əlavə məsləhət və müzakirə tələb edən 4 prioritet sahə müəyyən edir. Bütün bunlar isə Aİ-nin maraqlarına və əməkdaşların arzularından asılı olaraq əməkdaşlığın maraqlarına uyğun qurulmasına gətirib çıxarır.
- Son zamanlarda GUAM ölkələri ərazisində münaqişə zonalarında gərginliyin artması müşahidə edilir. Bu GUAM-ın beynəlxalq təşkilat kimi fəallaşmasına gətirib çıxara bilərmi?
- Şübhə edirəm, çünki GUAM çoxdandır ki, özünü bəyan etmir.
L.Q.
www.oxu.az