Suallara Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Tarix elmləri namizədi, böyük elmi işçisi Lana Ravandi-Fadai cavab verir:
- İran və “altılığın” İran nüvə proqramı üzrə imzaladığı razılaşmanı tarixi adlandıranların fikrini bölüşürsünüzmü?
- Bəli, sözsüz ki, bölüşürəm. İran artıq 35 ildir ki, sanksiyalar altındadır. İlk İran sanksiyalarını reyqan sanksiyaları adlandırırlar. Əslində isə bu sanksiyaların heç bir mənası yox idi. Birincisi, İran İslam İnqilabından sonra müstəqil təcridə (həmin neft sektoru iranlıların özü tərəfindən süquta uğradılmışdı. İranlılar İslam iqtisadiyyatı doktrinası çərçivəsində mövcud resursları enerji resurslarının hasilatının azaldılması yolu ilə saxlamağa çalışırdılar) addım atdı. Reyqanın sanksiyaları yalnız ABŞ və İran arasında münasibətləri əks etdirirdi, onlar olmayanı qadağan edirdilər. 1994-1996-cı illərin sanksiyalarını real və effektiv hesab etmək olar; (İrana qarşı iqtisadi sanksiyalar), sonunculardan isə İrana zərbə vuran sanksiyaları bank sanksiyalarıdır. Ən ağır isə swift-in bağlanılması idi. Mən hər zaman təkrar edirəm ki, sanksiyalar hakimiyyəti və ya rejimi deyil, məhz xalqı cəzalandırır. Və heç bir xalq belə cəzanı haqq etməyib. Əgər heç bir razılaşma tapılmasaydı, o zaman nəticələr pis və xoşagəlməz olardı. Ruhaninin reytinqi enərdi və ola bilər ki, prezidentlik müddətini başa vura bilməzdi. Və ola bilər ki, daha ultra-radikal konservatorun namizədliyi irəli sürülərdi, bu isə onsuz da sadə olmayan vəziyyəti daha da mürəkkəbləşdirərdi.
- İrana qarşı Qərb sanksiyalarının tezliklə ləğv ediləcəyini ehtimal etmək olarmı?
- Neftin ixracı üzrə sanksiyaların və bank sanksiyalarının ləğv edilməsi İran üçün mühüm məsələdir. Görünüşə baxılırsa onlar tezliklə 2015-ci ilin iyununda son razılaşmalara nail olandan sonra ləğv ediləcək.
- Bu perspektivdə Qərbin İranın nüvə proqramı ilə əlaqədar olmayan sanksiyalarının ləğv edilməsi nə dərəcədə realdır?
- Neftdən, maliyyə və bank sektorundan başqa, eləcə də fiziki şəxslərə qarşı sanksiyalardan başqa, qalan sanksiyaların taleyi İİR (İran İslam Respublikası) tərəfindən əldə edilmiş razılaşmaların yerinə yetirilməsi prosesinə beynəlxalq monitorinqin nəticələrinə əsasən mərhələlərlə həll ediləcək.
Uranın zənginləşdirilməsinə dair işlər 10 ildən az olmayan müddətlə məhdudlaşdırılmalıdır. Bundan başqa, İran iştirak edən sentrifuqaların sayını mövcud 18 mindən 6 minə qədər azaldacaq. Zənginləşdirilmiş Uranın məhz hansı hissəsinin ölkədən çıxarılacağına dair məsələlər isə əlavə danışıqlar zamanı qərara alınacaq. Əlbəttə ki, pozuntular qeydə alındığı zaman sanksiyalar bərpa ediləcək.
Amma bütün sanksiyalar ləğv edilməyəcək. Məsələn, ballistik raketlərə qarşı sanksiyalar ləğv edilməyəcək. BMT səviyyəsində deyil, ABŞ səviyyəsində vətəndaş haqları üzrə tətbiq edilən sanksiyalar mövcuddur. Onlar da hələ ki ləğv edilməyəcək.
- Baş verənlərin fonunda İranın xarici siyasətində və Tehran ilə Qərb arasında münasibətlərdə hansı dəyişiklikləri gözləmək olar?
- Əlbəttə ki, Lozan danışıqlarında irəliləyişlər İran və Qərbin yaxınlaşması və İİR-nin regionda geosiyasi rolunun artması ilə müşayiət ediləcək. Sanksiyaların ləğv edilməsi regionda qüvvələrin yenidən yerləşdirilməsinə gətirib çıxara bilər.
- İranın nüvə proqramı ilə problemlərin pozitiv həlli ilə əlaqədar bu qonşu ölkə ilə Azərbaycan arasındakı münasibətlərdə əvvəlki inamsızlığın birdəfəlik aradan qaldırılmasını gözləmək olarmı?
- Sovet İttifaqının süqutundan sonra bütün gözlənilənlərə baxmayaraq, İran Azərbaycan və Orta Asiyaya İslam İnqilabını köçürmədi, bu isə Rusiya və İranı yaxınlaşdırdı. Bakının Qərb və əsasən də İsrail ilə yaxşı münasibətləri İranı narahat edir. Münasibətləri Xəzər yataqlarında neft hasilatı ilə əlaqədar iqtisadi problemlər, eləcə də Azərbaycanda Cənubi və Şimali Azərbaycanın birləşdirilməsinin labüdlüyünü bəyan edən bəzi dairələrin millətçilik cəhdləri mürəkkəbləşdirir. Ümid edirəm ki, İranın regionda geosiyasi rolunun artması fonunda Azərbaycan İrana olan münasibətini dəyişəcək və münasibətlərdə gözəçarpacaq irəliləyişlər olacaq.
Bir çox mütəxəssislər hesab edir ki, İran və Qərbin yaxınlaşması nə Rusiya, nə də Azərbaycan üçün əlverişlidir. Rusiyanın heç nəyə baxmadan Lozan danışıqlarının uğurlu alınması üçün səy göstərdiyini mütləq qeyd etmək lazımdır. Əminəm ki, sanksiyaların ləğv edilməsi Qazprom-Neft kimi iri Rusiya şirkətlərini İran bazarına qaytaracaq.
Azərbaycana gəldikdə isə, bu, Azərbaycanın özü üçün geosiyasi mahiyyətinin azalması ilə müşayiət oluna bilər. Və burada İran qazının Avropaya nəql ediləcəyi “Nabukko” qaz kəməri layihəsi bərpa edilə bilər. Azərbaycan qaz kəmərini təmin edəcək qaz ehtiyatına malik deyil.