Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İkinci Dünya müharibəsinin iştirakçısı: "Məqsədimiz düşmənə bir qarış torpaq verməmək idi"
"Müharibə zamanı SSRİ-nin tərkibində olan bütün xalqlar, millətlər faşistlərə qarşı qəhrəmanlıqla döyüşürdülər".
Bu fikirləri Oxu.Az-a müsahibəsində İkinci Dünya müharibəsinin iştirakçısı Qaflan Ömərov deyib.
Müsahibəni təqdim edirik:
- Qaflan müəllim, ömrünüzün neçənci ilindəsiniz və harada dünyaya göz açmısınız?
- 1924-cü ildə Quba rayonunun Ərməki kəndində doğulmuşam.
- Müharibəyə yollananda neçə yaşınız var idi?
- 1942-ci ildə SSRİ ilə Almaniya arasında başlayan müharibəyə könüllü olaraq qatılmışam. 18 yaşım tamam olmamışdı, könüllü cəbhəyə yollandım. Ön cəbhədə vuruşmuşam.
- Bəs hansı sahədə çalışmaq istəyirdiniz?
- Prokuror olmaq istəyirdim. Lakin müharibə alovlanandan sonra döyüşə qatılmalı oldum.
- Sizin kimi müharibəyə qoşulanlar çox idi?
- Bəli, İkinci Dünya müharibəsində faşistlərə qarşı döyüşən vətənpərvər azərbaycanlılar çox idi. Bəzilərinin adlarını unutmuşam. Müharibə zamanı SSRİ-nin tərkibində olan bütün xalqlar, millətlər faşistlərə qarşı qəhrəmanlıqla döyüşürdülər.
- Bəs amalınız nə idi?
- Biz torpaqlarımızı işğal təhlükəsindən qorumaq üçün döyüşürdük. Məqsədimiz düşmənə bir qarış belə torpaq verməmək idi.
- Uğurlu hərbi əməliyyatların sirri nə idi?
- Əsas sirr hər kəsin ortaq amalının olması ilə bağlı idi. Hamı eyni məqsəd üçün mübarizə aparırdı.
- Döyüşdə göstərdiyiniz hünərə görə neçə dəfə təltif olunmusunuz?
- Dəfələrlə təltif olunmuşam. 24 orden-medalım, 100-dən artıq fəxri fərmanım var. Ümummilli lider Heydər Əliyev mənə Bakıda ev, maşın verib, Prezident İlham Əliyev isə hər il pul mükafatı verir.
- Müharibədə hansı çətinlikləri görmüsünüz?
- Müharibə özü elə çətinlikdir. Bəzən yemək-içmək tapa bilmirdik, qaranlıq yollarda irəliləyirdik. Hər anımız təhlükə idi. Başımızı belə ehtiyatla qaldırırdıq.
- Yaralanmısınız?
- 1943-cü il martın 6-da ağır yaralandım. Bir müddət hospitalda müalicə olundum və Qubaya qayıtdım.
- Cəbhədən sonra nə işlə məşğul oldunuz?
- Müxtəlif vəzifələrdə çalışdım.
- Neçə övladınız, nəvə-nəticəniz var?
- Altı övladım, 16 nəvəm, 38 nəticəm var.
Məhərrəm Əliyev
"İkinci Dünya müharibəsi" teqi üzrə xəbərlər
- Azərbaycanın ilk qadın hərbi pilotu: 23 il nazir işləyən şəxsə Heydər Əliyev istefa vaxtı nə dedi?
- Müharibə şahidi tükürpədici hadisələrdən DANIŞDI: "Can verirdim, gördüm, başımın üstündə dayanıb"
- İki qələbənin kəsişdiyi an: Dəmir iradə, dəmir yumruq
- Ən gənc azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı - 20 nəfərlə alman əsgərlərinin hücumlarını dəf edib
- Azərbaycan SSRİ-ni necə xilas etdi? - Hitlerə gözlənilməz zərbə