Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı Regional Futbol Federasiyasının vitse-prezidenti Maşallah Əhmədovdur.
- Maşallah Əhmədov! Sözünü demiş ad, soyad! Bizə bir az özünüzdən danışın.
- Mən 1959-cu il, iyun ayının 2-də Gəncədə doğulmuşam. Hələ o vaxtlar idmana həvəsim vardı. Yəni idmanı birdən-birə seçmədim, ailəmizdə idmanla məşğul olanlar vardı: bacım və qardaşım.
- İdman nədir? Futbol nədir? İlk dəfə idmanla nə vaxt tanış olmusuz?
- Evimizin yanında futbol məktəbi vardı. Amma mən ilk dəfə boksa getmişəm.
Futbola 7 yaşımda başlamışam, “Lokomotiv” komandasında oynamışam. Onunla bərabər boksla da məşğul idim. Ən çox boksu sevirdim. Bir dəfə müəllimim dedi ki, “bu uşağın istedadı heç olur, çox talantlıdır”.
- Adətən deyirlər ki, oğlan uşaqları yaxşı oxumur. Bəs siz necə oxumusuz?
- 4 qiyməti almışam, nə əla, nə də pis oxumuşam. Gəncədə 42 nömrəli məktəbdə oxumuşam. Kasıb ailədə doğulmuşam. Ailədə 10 uşaq olmuşuq: 5 bacı, 5 qardaş. İdmançı ailəsi olaraq həmişə seçilirdik. Bacım yüngül atletika, qardaşım isə futbol ilə məşğul olurdu.
1976-cı ildə Müzəffər Qasımov rəhbərimiz idi. Sonra məni “Dinamo Kirabad”a (Gəncə) çağırdılar. Burada 10 nömrədə çıxış edirdim.
O illər yeni nişanlanmışdım. Bulvara getmişdik, fikir vermirdim, bir də baxdım ki, arxamızca insanlar gəlir. Mən də elə bildim nəsə baş verib. Sən demə, məni görüb gəliblər. Şəkil çəkdirdilər, avtoqraf aldılar. Düzü, o vaxt belə şeylər çox məşhur deyildi, amma insanlar sevgilərini bildirirdilər.
- O vaxt futbola marağı olan xanımlar var idi?
- Oooo! O qədər! Xanımsız nə futbol! Xanımlar da yaxınlaşırdı mənə, şəkil çəkdirirdilər. Stadionda xanım olanda daha yaxşı, daha da həvəsli oynayırdıq. O başqa sevgidir. (gülür)
- Hal-hazırda futbola xanımlarımızın marağı kişilərdən heç də geri qalmır. Buna münasibətiniz necədir?
- Əla. Futbolumuzu tək kişilər sevə bilməz, xanımların futbolu sevməsi ona rəng qatır.
- Müəllim, bu yaxınlarda xanımlardan ibarət fan klub yaranıb. Xəbəriniz var yəqin ki?
- Kişilərdən ibarət “İmarət” fan klubu var, bu fan klub hər kəsə tanışdır. Xanımlardan da ibarət fan klubun yaranması sevindirici haldır. Fürsətdən istifadə edib, burdan onlara səslənirəm. “Qarabağ”ın xanımlardan ibarət azarkeş qrupu, yeni yaranmısınız, sizə uğurlar arzu edirəm. Futbolçularımızı stadionda tək qoymayın.
Bu fan klubdan “Neftçi”yə, “İnter”ə, “Azal”a bütün futbol klublarımıza arzu edirəm. Qoy, futbolçularımız oyunu pula görə yox, onlar üçün gələn xanım azarkeşlərə görə oynasınlar.
Futbolu biznes kluba yox, futbol klubuna oxşatsınlar. Elə bil futbol ticarətdir, ya biznesdir. Belə olmaz.
- İlk futbol klubunda oynayanda arzunuz nə idi? Fikriniz hansı pilləyə çatmaq idi?
- O vaxtkı SSRİ indiki İngiltərədir. Yəni o cür güclü oynayırdıq. Hansı futbol klubunda oynamışamsa arzum “Neftçi”də oynamaq olub. O arzum da həyata keçdi, reallaşdı. Hələ o zaman 16 yaşım vardı.
Futbolun ilk olaraq tərbiyəsini bilmək lazımdır. Mən bu tərbiyəni Gəncədə öyrənmişəm, sonra hərbi xidmətə getdim. Orduda da təbii olaraq futbol karyeramı davam etdirirdim.
Mən “Araz”da, “Naxçıvan”da, “Dinamo”da, “Lokomotiv”də, “Neftçi”də oynamışam. Futbol tərbiyəsi başqadır, gərək o tərbiyəni alasan.
O vaxt seçilirdik. Onda Anatoli Bonişevski, Səmədağa Şıxlarov, Anatoli Elbrus, Abbasov Əli, Səməd Qurbanov, Yura kimi insanlar olub. Bu insanlar tarixdir.
- İndi hansı futbolçunu özünüzə bənzədirsiz?
- Heç kəsi! Onların bizə çatmaqlarına hələ çox var. Onlar bizim kimi əziyyət çəkmirlər, bizim vaxtımızda çox çətin idi.
- Bəs kimin oyunlarını bəyənirsiz?
- Rauf Əliyev, Elvin Məmmədov, Mahir Şükürov, Araz Abdullayev, Vaqif Cavadov - bu uşaqlar əziyyət çəkirlər, yaxşı da oynayırlar. Elvinlə Rauf Əliyev mənimlə İsgəndər Cavadov kimidir. Bir-birini hiss edir, başa düşür. Biz də o vaxt İsgəndərlə elə idik. Futbolda bir-birini hiss etmək lazımdır. “Bizdə futbol yoxdur” ifadəsi yanlışdır. Var, yaxşı da oyunçularımız var. Bu sözləri deməklə onları həvəsdən salmaq olmaz, əksinə onları həvəsləndirməliyik. Bu da daha çox azarkeşlərdən asılıdır. Bizdə legionerə çox üstünlük verilir. Düzgün deyil, belə olmaz. Niyə öz uşaqlarımıza imkan yaratmırlar?! Fikir vermişəm, məsələn, hansısa klubda oynayan legioneri qovurlar, o biri klub çağırır, müqavilə imzalayır. Bu, başdan ayağa səhvdir.
- İstirahətiniz necə keçir?
- Daha çox bağda nəvələrimlə istirahət edirəm. Yoldaşım müəllimədir, bir qızım, bir oğlum, 3 nəvəm var.
- Oğlunuz nə əcəb sizin kimi futbolçu olmadı?
- O vaxtı futbola apardım, amma həvəsi yox idi. Güləşə həvəsi var idi. Bir insanın ki həvəsi yoxdur, onu məcbur etmək lazım deyil.
- O illər geri qayıtsa, yenə də 10 nömrə nələr edərdiniz? Yenidən futbolçu Əhmədov olmaq istəyərdiniz?
- Əlbəttə. O illər futbol başqa aləm idi. O qədər sürətli qaçırdım ki, hər kəs mənim sürətimdən danışırdı. Futbolda da sürət lazımdır.
- İndi həm azarkeşlərə, həm də futbolçulara sözünüz?
- O vaxtı 80 min azarkeş olurdu, həvəslə oyuna baxırdı. Yenə elə olsun. Düzdü, “Xəzər Lənkəran”, “Qarabağ”ın oyunlarında azarkeşlər olur. Bu klubların yaxşı azarkeşləri var. Futbolçular isə həvəslə oynasınlar. Onları izləyən azarkeşlər üçün oynadıqlarını dərk etsinlər.
- Bu gün nəyi bəyənmirsiniz?
- Məsələn, otururam ki, hansısa verilişə baxım, peşman oluram baxmağıma. TV-lərimiz də elə verilişlər verir ki, tərbiyəsiz tərbiyədən danışır. Bir az belə şeylərə diqqət edin, elə qonaqlar çağırın ki, nəsə ağıllı bir söz desin. Yoxsa ağılsız ağıldan, tərbiyəsiz tərbiyədən danışmasın.
Nərmin Kazımova