Mayın 30-da gecədən başlayaraq, mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.
Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.
09:27
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 82 (50 mərmi) və 120 (15 mərmi) millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Cəvahirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri və yaşayış məntəqələrimiz atəşə tutulub.
A.M.