16 
Sen
2019
12:34
27
148
15186
Virtual karabakh

Moskvada Yerevandan tamamilə başqa hərəkət gözləyirdilər - İCMAL

Oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinin Yerevana səfəri planlaşdırılır.

Vaxt azaldıqca, vəziyyət daha da gərginləşir. Yerevan “müstəqilliyi”ni artıq dəfələrlə “nümayiş etdirib”. Çox güman ki, bu, erməni Baş nazir Nikol Paşinyanın ABŞ-a səfəri ilə əlaqəlidir. Amma onun oradan uğurla qayıdacağı sual altındadır.

Bir neçə gün əvvəl isə Kreml Rusiya lideri Putinin Ermənistanın həbsdə olan keçmiş Prezidenti Robert Koçaryanla görüş imkanını şərh edib. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Sputnik Armenia” nəşrinin məsələ ilə bağlı sualına “Moskva hələ bilmir” cavabını verib.

Diplomatik dildə bu, belə bir istək var, amma hələlik razılaşma yoxdur mənasına gəlir.

Təsadüfi deyil ki, bir neçə gün əvvəl Media.Az xəbər vermişdi ki, Yerevanın “Past” qəzeti Vladimir Putinin Ermənistana səfərinin ləğv ediləcəyi barədə xəbər yayıb. Bunun səbəbi isə  erməni hökumətinin Putinə hazırda cəzaçəkmə müəssisəsində olan Robert Koçaryana baş çəkməsinə təhlükəsizlik zəmanətinin verməməsi ilə əlaqəlidir.

Ermənistanda Rusiya prezidentini çoxdan gözləyirlər. Amma Vladimir Putin prinsipal olaraq səfərdən imtina edib. 2019-cu ilin may ayında “168 jam” erməni qəzeti “Rusiya prezidentinin Ermənistana səfəri niyə gecikir?” sualını ortaya atdı. Ermənipərəst sayılan rusiyalı ekspertlər Aleksey Malaşenko və Stanislav nəşrin bu sualına cavab olaraq qeyd ediblər ki, Moskva və Yerevan arasında müəyyən nüanslar və fikir ayrılıqları var.

Əslində, Rusiya və Ermənistan arasında fikir ayrılığından danışmaq bu ölkələri eyni tərəziyə qoymaq  deməkdir. Bu isə belə deyil və Ermənistanda hələ də bunu dərk etmirlər.

Məsələn, Rusiya tərəfindən ölkə ərazisində Ermənistana məxsus sürücülük vəsiqələrinin istifadəsini qadağan edən qanunun qəbul edilməsini Yerevanda ermənilərə qarşı ayrıseçilik kimi qəbul etdilər. Buna cavab olaraq Ermənistanın Milli Məclisi də Rusiyaya məxsus sürücülük vəsiqələrini öz ölkəsində məhdudlaşdıran qanun qəbul etdi. Rusiyalı sürücülər bundan qorxuya düşməli olsalar da, bu, baş vermədi. Çünki Ermənistanda rusiyalı taksi sürücüləri yoxdur, amma Rusiyada erməni taksi sürücüləri kifayət qədər çoxdur.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi çox yüksəkdir. Ermənistan parlamentində erməni hakimiyyətinin zəif olduğu, ölkənin milli maraqlarını kifayət qədər effektiv müdafiə etmədiyi danışılır. Ermənistanın suverenliyi və təhlükəsizliyinə qarşı ən böyük təhlükə Rusiyadan qaynaqlanır. Məsələn, bu barədə millət vəkili Arman Babacanyan danışıb.

İcraedici orqan qanunverici orqandan heç də geri qalmır. Məsələn, “Rosbalt” agentliyinin məlumatına əsasən, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinən iş adamı Qriqor Ohanyan azadlığa buraxılıb. O, ölkə qanunvericiliyi tərəfindən nəzərdə tutulan maksimal həbs müddətini - 40 günü dəmir barmaqlıqlar arxasında keçirib.

Rusiyalı jurnalist Armen Qasparyan bu xəbərə belə reaksiya verib:

“Yumşaq dillə desək, çox xoşagəlməz hərəkətdir. Ermənistandan başqa hərəkətlər gözləyirdik. Ehtimal edirəm ki, buna reaksiya da uyğun formada olacaq”.

Qeyd edək ki, insident iyunun birində baş verib. Nikita Belyankin küçə davasının təsadüfi şahidi olub. O, dava zamanı bıçaqla xəsarət yetirilən şəxsi müdafiə edib. Xüsusi təyinatlı hücumçuların qarşısını almaq üçün travmatik tapançadan bir neçə atəş açsa da, ürəyindən aldığı bıçaq zərbəsindən ölüb. Ölüm faktı ilə bağlı cinayət işi qaldırılıb.

Bununla belə, ermənipərəst Rusiya mətbuatı vəziyyəti dolaşdırmaq istəyir. Məsələn, “EADayily” nəşrinin xəbərinə əsasən, Qriqor Ohanyan adlı Ermənistan Respublikasının vətəndaşı şübhəli və ittiham edilən şəxs statusunda deyil. Guya söhbət Qurqen Ahanyandan gedir. Qurqenin vəkilinin sözlərinə əsasən, Rusiya onun həbs müddətinin uzadılmasını tələb etməyib və Ahanyan azadlığa buraxılıb. Bununla yanaşı, Qurqen hələ də Nikita Belyankinin ölümü ilə bağlı açılan cinayət işində əsas fiqurantdır.

Ohanyan və ya Ahanyan, fərq etmir, rusiyalı xüsusi təyinatlının ölümü faktdır. Kim cavab verəcək? Nikol Paşinyanın “Yeni Ermənistanı” vətəndaşları ilə münaqişəyə girərək, Amulsar yatağının işlənməsinin əleyhinə çıxaraq, Moskva ilə münaqişə yaradaraq getdikcə uçuruma doğru yaxınlaşır.

Rusiya özünü təmkinli aparır, amma Ermənistana mesajlarını verir. Məsələn, Rusiya mətbuatının məlumatına əsasən, Ermənistanın keçmiş Müdafiə naziri Mikael Artuyunyanın axtarışlarına Rusiyada xitam verilib.

Artuyunyan 2008-ci ilin mart ayında Ermənistanda kütləvi aksiyaların dağıdılması zamanı “konstitusiya quruluşunu devirmək”də ittiham edilir. Sözügedən hadisələr zamanı eks-prezident Levon Ter-Petrosyanın tərəfdarları Serj Sarqsyanın prezident seçilməsinə etiraz etmişdilər. Etiraz aksiyaları martın 1-2-də baş verib və nümayişçilər təhlükəsizlik qüvvələri ilə toqquşublar. Nəticədə, onlarla insan ölüb, iki yüz nəfər xəsarət alıb.

Bu məsələ ilə bağlı KTMT-nin Baş katibi Yuri Xaçaturova qarşı da ittiham irəli sürülüb. O dövrdə Xaçaturov Ermənistan Silahlı Qüvvələrində xidmət edib.

Rusiya və Ermənistan arasında informasiya savaşı o həddə çatıb ki, erməni analitik Emil Babayan Rusiya KİV-lərini, xüsusən də TASS agentliyini Ermənistanda baş verən hadisələri təhrif etməkdə günahlandırdı. Guya Rusiya Ermənistanın timsalında xarici düşmən obrazı yaradır.

Yerevanda isə bir tərəfdən Moskva ilə münasibətlərin yaxşı olduğu bəyan edilir, digər tərəfdən isə erməni KİV-ləri Ermənistanın Rusiyaya “uydurulmuş borcu” barədə məlumat tirajlayır:

“Bəlkə, Rusiyaya olan borcu ödəməyək?”

Nikol Paşinyan isə Fransanın “Nouvelle d’Arménie” jurnalına müsahibəsində bəyan edib ki, Ermənistan Rusiyaya qarşı komplekslərindən qurtulmalıdır.

Rusiyalı siyasətçi, keçmiş millət vəkili Semyon Baqdasarov Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində bildirib ki, amerikalılar Rusiyanı Cənubi Qafqazdan və Ermənistandan çıxarılar. Əgər amerikalılar hədəflərinə çatsalar, Moskvanın regiondakı nüfuzu və təsiri son iki yüz ərzində minimuma enəcək.

Beləcə, əgər Rusiya Prezidenti Vladimir Putinin Yerevana səfəri baş tutsa, çox maraqlı olacaq...

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri