Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikolay Paşinyanın İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşduğunu deməsi etirazla qarşılanıb.
Paşinyan babasının fotosunu paylaşaraq yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun”.
Lakin Ermənistan mətbuatı Nikol Paşinyanın şəcərəsini təftiş edib. Araşdırmalar nəticəsində bəlli olub ki, Nikol Paşinyanın babası İkinci Dünya müharibəsi illərində SS sıralarında xidmət etməklə Hitler Almaniyası üçün çalışıb.
Mövzunu Oxu.Az üçün şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov bildirib ki, burada təəccüblü bir şey yoxdur.
C.Bəhramov qeyd edib ki, İkinci Dünya müharibəsinin başladığı ilk vaxtlarda Kiyev yaxınlığında 27 min erməni nasistlərin tərəfinə keçib:
“Onlardan 3 min nəfərlik ölüm batalyonları təşkil etdilər. Həmin batalyonlar tərəfindən Krımda 17 min 856 yəhudi öldürülüb. Ermənilərdən başqa nə gözləmək olardı ki?!”
Professor bildirib ki, 1936-cı ildə ermənilər Bostonda dərc olunan “Hayrenik” qəzetində yəhudiləri təhqir edərək, Hitler Almaniyasının tərəfini tutublar:
“Bununla da, onlar elan etdilər ki, kim Hitler uğrunda vuruşursa, Ermənistan üçün döyüşür. Bu gün isə faşistin nəvəsi Nikol Paşinyan Ermənistana rəhbərlik edir, amma onu himayə, müdafiə edirlər”.
Aqşin Kərimov