Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vüqar Rəhimzadə: “ABŞ Prezidenti tarixin saxtalaşdırılmasına şərik olmaqla böyük səhvə yol verdi”
“ABŞ Prezidenti Cozef Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi bir daha dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban verdiklərini təsdiqləyir. Prezident Baydenin 1915-ci il hadisələrindən 106 il sonra, indiyədək ABŞ dövlət başçılarından heç birinin haqlı olaraq dilə gətirmədiyi qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi istər-istəməz belə bir sualın gündəmə gətirilməsinə əsas yaradır: Nədən erməni yalanını həqiqət kimi qəbul edib tarixdə heç vaxt baş verməmiş uydurma “erməni soyqırımı”nın törədildiyini iddia edən ABŞ kimi dünyanın nüfuzlu dövləti çox da uzaq olmayan bir tarixdə, 30 il bundan əvvəl real həyatda baş vermiş dəhşətli faciəyə - ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri XX əsrin ən qəddar soyqırımı aktına ədalətli qiymət verməkdə çətinlik çəkir? Amma qaniçən ermənilər və onların havadarları anlamalıdırlar ki, bu kimi əsassız cəhdlər əbəsdir”.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
“ABŞ Prezidentinin “erməni soyqırımı” ifadəsini işlətməsi qətiyyən Türkiyəyə təsir vasitəsi ola bilməz. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ermənilərin və erməni diasporunun apardığı bu təbliğatın nə qədər həqiqətdən uzaq, əsassız olduğunu, siyasi məqsəd daşıdığını çox yaxşı bilirlər. Tarixi faktlar da sübut edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə, türk və Azərbaycan xalqları ötən əsrin müxtəlif dövrlərində bədnam qonşularımız tərəfindən misli görünməmiş soyqırımına məruz qalıblar. Türkiyənin və Azərbaycanın şəhərləri, kəndləri erməni quldur dəstələri tərəfindən yerlə-yeksan edilib, müsəlman olduqları üçün milyonlarla günahsız insan ən vəhşi üsullarla qətlə yetirilib.
Amma təəssüf ki, 106 ildir bu gerçəkliyin fonunda bəşəriyyət tarixin ən çirkin, ən məkrli yalanları ilə üz-üzə dayanıb. Bu uydurmaya görə, guya Osmanlı dövləti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsində 1,5 milyon, bəzən isə daha böyük, fantastik rəqəmlərlə ifadə olunan sayda erməni əhalisi “soyqırımı”na məruz qalıb. Həqiqətdə o dönəmdə heç dünyada bu sayda erməni yaşamayıb. Bu cür yalanları yalnız tarixi saxtalaşdırıb artılq bir əsrdən çoxdur ki, qonşu dövlətlərə, xüsusilə Türkiyəyə və Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən ermənilər formalaşdıra bilərlər. Dünyanın hansı guşəsində törədilməsindən asılı olmayaraq tarixin heç bir dönəmində insanların kütləvi qırğını faktını gizlətmək mümkün deyil. Çünki bu cür faciələr kütləvi məzarlıqlarla, qətliamları təsdiqləyən sənədlərlə sübuta yetirilməlidir. Ancaq vəhşi toplum olan ermənilərin və onların havadarlarının uydurduqları “soyqırımı” təsdiqləyən heç bir sənəd, iz yoxdur. Bir əsrdən artıqdır ki, təsdiqini tapmayan “erməni soyqırımı” uydurması yalan, məkrli siyasətə xidmət edir. Bəzi supergüclər tərəfindən həyata keçirilən bu çirkin siyasətin əsas səbəbi ermənilərin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləmək, bu iki qardaş ölkəyə təzyiq göstərmək, müxətlif siyasi sövdələşmələrdən istifadə etməklə ermənilərin işğalçılıq əməllərinə göz yummaqdır”.
V.Rəhimzadə təəssüflə qeyd edib ki, bu yalanın ifşa olunacağı günü gözləyən həqiqətlər unudulur və erməni vəhşilikləri ört-basdır edilir: “Dünya gücləri unudurlar ki, işğalçıya, təcavüzkara, faşizm siyasəti həyata keçirən dövlətin yalanlarına şərik olmaqla özlərinə qarşı inamsızlıq mühiti formalaşdırır, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı hörmətsizlik edir, ümumiyyətlə, beynəlxalq aləmin hələ də hüquq problemini yaşadığını öz əməlləri ilə ortaya qoymuş olurlar. Tarixə nəzər salaq: - Türkiyəni “soyqırımı” törətməkdə ittihan edən ABŞ Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kambociya və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı, eləcə də qitənin yerli sakinləri olan 15 milyon qızıldərilini qətlə yetirmişdir.
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yaratdığı yeni reallıqlarla dünyanın hansı siyasəti yeritdiyinə işıq saldıqdan sonra düşünmək olardı ki, 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyasını “yerinə yetirən” ABŞ, Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri baş verənlərdən nəticə çıxarıb nəhayət, həqiqətlərə ədalət gözü ilə baxmaq yolunu tutacaqlar. Təəssüf ki, bu gün biz reallıqda bunun tam əksini görürük. Bu güclər belə qərəzli bəyanatlarla çıxış edəndə, heç bir araşdırma aparmadan öz maraqları naminə işğalçı Ermənistana və bütün dünyada şəbəkələşmiş erməni lobbisinə və diasporuna dəstək missiyasını yerinə yetirəndə unutmasınlar ki, tarixin müxtəlif mərhələlərində ermənilərin iştirakı ilə Türkiyənin daxilində qiyamların təşkili, Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı qətliamların törədilməsi, bu gün Ermənistan adlandırılan, əslində tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda azərbaycanlıların keçən əsrin əvvəllərindən başlayaraq kütləvi şəkildə qətlə yetirilməsi, on minlərlə soydaşımızın doğma yurd-yuvalarından zorla deportasiya edilməsi düşünülmüş daşnak siyasətinin nəticəsidir. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak tör-töküntüləri tərəfindən Bakıda və bölgələrimizdə soydaşlarımızın kütləvi şəkildə soyqırımına məruz qalmasına hələ də dünya birliyi layiq olduğu qiyməti verməyıb. Bunun əksinə olaraq şişirdilmiş, əsası olmayan “erməni soyqırımı”nın təbliği, dəstəklənməsi, etnik təmizləməyə məruz qalan azərbaycanlılara qarşı etinasızlıq bu gün dünyada hökm sürən ikili standartların məntiqi nəticəsidir”.
Baş redaktor vurğulayıb ki, hər zaman bir-birinin yanında olan iki dost, qardaş ölkə - Azərbaycan və Türkiyə “erməni soyqırımı”nın uydurma mif olduğunu bütün dünyaya, xüsusilə tarixi saxtalaşdırıb ermənilərin yanında olan dövlətlərə sübut edəcəklər. Buna heç kimin şübhəsi olmasın: “Çünki hadisələrə ən böyük dəyəri zaman özü verir. Tarixi faktlara, həqiqətə əsaslanan təbliğatımızı, birgə səylərimizi davam etdirməklə inşallah, bu istəyimizə də nail olacağıq. Aprelin 24-də dövlətimizin başçısı İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da möhtərəm Prezidentimiz bu qərarın yalnış olduğunu önə çəkərək onu tarixi səhv adlandırmışdır. Bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğu xüsusi qeyd edilmişdir. Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğu böyük məmnunluq hissi ilə vurğulanmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların bəyanatları, həmçinin siyasətçilərimizin, ziyalılarımızın, sadə vətandaşların ABŞ Prezidentinin məlum tarixin saxlaşdırılmasına şərik olan bəyanatına sərt münasibətləri də bu birlikdən, hər zaman haqqın, ədalətin yanında olmaqdan irəli gəlir. Bəyanatlarda da bu reallıqlar önə çəkilir ki, əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və məsələ bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir”.
“Reallıq budur ki, Türkiyə nəinki özünün, həmçinin dünya arxivlərinin açılması, tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılması təçəbbüsünü irəli sürüb” - söyləyən Vüqar Rəhimzadə bildirib ki, lakin Ermənistan hakimiyyəti belə bir gülünc bəyanatla çıxış edir ki, bu məsələ ilə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar: “Elə bu yanaşmanın özü ermənilərin apardığı təbliğatın nə qədər əsassız olduğuna sübut edir. Fakt qarşısında aciz duruma düşəcəklərini çox yaxşı bilən bədnam qonşularımız bu məsələni siyasətçilərin öhdəsinə buraxmaqla əslində həqiqəti, tarixi saxtalaşdırırlar”.
Baş redaktor qeyd edib ki, ermənilərin ölkələrində qondarma “erməni soyqırımı” abidəsini yaratmaları, tarixin saxtalaşdırılmasına şərik olub “soyqırımı”nı tanıyan ölkələrin dərsliklərində bu yalanın yer almasına nail olmaları da onların bu məsələdən siyasi məqsədlər üçün bəhrələndiklərini açıq-aşkar nümayiş etdirir: “Bu, bir həqiqətdir ki, dünya dövlətləri “erməni soyqırımı” məsələsindən Türkiyənin Avropa İttifaqına qəbulunun qarşısının alınmasında bir vasitə kimi istifadə edirlər. Əslində, Türkiyə kimi güclü, demokratik dəyərlərə sadiq bir dövlətin Avropa Birliyində təmsil olunması qurumun özü üçün böyük şərəf olardı. Türkiyənin bu gücünü həzm etməyən dövlətlər məhz onun Avropa Birliyinə qəbulunun qarşısını almağın yolunu belə qondarma iddiaları müdafiə etməkdə görürlər. Qeyd etdiyimiz kimi, əgər məqsəd tarixi həqiqətləri ortaya çıxarmaqdırsa, yalanı deyil, reallıqları müdafiə etmək lazımdır. XX əsrdə məruz qaldığımız erməni millətçiləri tərəfindən azərbaycanlıların və türklərin kütləvi qırğını, soyqırımları ilə müşayiət olunan deportasiyalar, Xocalı qətliamı tariximizin ən qanlı və faciəli səhifələrindəndir. Ötən yüzillikdə “böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub. Bütün bunlar tarixdir. Ermənilərin yazdıqları saxta tarixdən fərqli olaraq həqiqətləri, faktların dili ilə danışan reallıqları özündə əks etdirən tarix. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Qondarma “erməni soyqırımı”nı dəstəkləyən ABŞ, Fransa kimi dünyaya ədalət, demokratiya dərsi keçməyə çalışan dövlətlər atdıqları addımların dövlətlərarası münasibətlərdə hansı gərginliklərə yol açdığının fərqində deyildirlərsə, artıq bu, ikili siyasətin dünya üçün sağalmaz xəstəliyə çevrildiyinin təsdiqidir. Şübhəsiz, belə məqsədli bəyanatlar hansısa təsir imkanına malik deyil. Bugünümüz üçün aydın olan, həqiqətlərə bir daha işıq salan reallıq budur ki, dünyada ədalət meyarının qorunması üçün vahid mexanizm yoxdur, bu prinsiplər zamana və məkana görə tətbiq edilməklə dəyərini itirir. İki dost, qardaş ölkə olan Türkiyə və Azərbaycan zaman-zaman belə yanaşmalarla üz-üzə qalsalar da ədalətli, dəyişməz mövqelərindən bir addım da belə çəkilməyiblər, əksinə daha da güclənib, qətiyyətlə irəli gedərək dünyaya öz mesajları ilə əsl tarix və hüquq dərsi keçib, ədalətin bərpasına nail olublar.”
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad