Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üzərində Xarıbülbül təsviri olan saatlar hədiyyə edib.
Qardaş ölkənin lideri üzərində Şuşanın simvolu sayılan Xarıbülbülün əks olunduğu qol saatlarını Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra keçirilən görüşdə Azərbaycanın dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev deyib: “Təşəkkür edirəm. Gəlin, yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. Xarıbülbül təsviri də üstündə”.
Rəcəb Tayyib Ərdoğan: Biz Şuşaya səfər etdik. Saatların üzərində Şuşa var, Xarıbülbül də Şuşanın simvoludur.
Prezident İlham Əliyev: Bəli, elədir. Çox sağ olun, təşəkkür edirəm!
Qeyd edək ki, R.T.Ərdoğan 2021-ci ilin iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar.