Ötən gün Türkiyənin rəqs sultanları “Anadolu Ateşi” Heydər Əliyev Sarayında “The Best of Anadolu Ateşi” adlı proqramı ilə çıxış etdi.
Oxu.Az xəbər verir ki, 75 nəfərlik heyətlə ölkəmizə təşrif buyuran rəqs qrupu həmişə olduğu kimi bu dəfə də Bakı sakinlərinin ürəyini fəth edə bildi. Konsertin açılışı qrupun vizit kartı olan “Anadolu Ateşi” rəqsi ilə baş tutdu.
Qrup Sarayın səhnəsində qədim və müasir türk rəqsləri ilə yanaşı, dünya rəqslərindən ibarət bir neçə nömrə də nümayiş etdirdi. Hər bir rəqs nömrəsi peşəkar şəkildə səhnələşdirilmişdi. Rəqslərdə Xeyir və Şərin mübarizəsi, dostluğun, bərabərliyin və s. nümayişi öz əksini tapmışdı.
Türkiyənin rəqs sultanları bakılı tamaşaçılara sürpriz də hazırlamışdı. Konsert proqramında mükəmməl rəqsləri ilə bərabər zərb alətində Azərbaycan ritmlərinin nümayişi Heydər Əliyev Sarayında dəqiqələrlə davam edən alqışlara səbəb oldu.
Konsertdə dövlət adamları, tanınmış simalar da iştirak edirdi. Onlar arasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, NİİM-in ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Şəfa Mehmanqızı, xalq artisti Amaliya Pənahova, müğənni Xəyyam Nisanov, bəstəkar-müğənni Hacı Nazim, reper Elşad Xose və başqaları konsert proqramına qatılmışdı.
Qeyd edək ki, konsert hələ iki gün – iyunun 7 və 8-i davam edəcək.
Odur ki, tələsin! Türkiyənin rəqs sultanları “Anadolu Ateşi”-nin möhtəşəm səhnə performansından həm zövq alın, həm də istirahət edin.
Konsertin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyi, 107.7 “AvtoFM” radiosu, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasıdır (ATV).
Konsertin təşkilatçısı “SA Organization”dır.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az