Formula-1 üzrə 2018-ci il Azərbaycan Qran-Prisi zamanı keçiriləcək konsertlərin yeri dəyişdirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Sportbox.ru"ya müsahibəsində Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov bildirib.
O deyib ki, konsert Dənizkənarı Bulvarda yox, 2012-ci il "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsinin təşkil edildiyi "Baku Crystal Hall"da olacaq. Rəhimov bu məqsədlə Formula-1 trasından xüsusi şatlların ayrılacağını diqqətə çatdırıb. Promouter konsetdə xarici estrada ulduzlarının iştirakının planlaşdırıldığını və hazırda onlarla danışıqların aparıldığını vurğulayıb.
Rəhimov Azərbaycan Qran-prisinin əvvəlki illərlə müqayisədə iyunda deyil, apreldə keçirilməsinin üstünlüklərindən də danışıb: "Çoxlu sayda azarkeşin məhz Rusiyadan gələcəyini nəzərə alaraq, 2018-ci il dünya çempionatı ilə Azərbaycan Qran-Prisinin keçiriləcəyi tarixlərin kəsişməməsi çox müsbət məqamdır. Apreldə Bakıdakı hava şəraitinin necə olacağını isə əvvəlcədən bilmək olmur. Habelə, o da vacibdir ki, Qran-pri Ramazan ayında olmayacaq. Bu səbəbdən ərəb ölkələrindən böyük azarkeş axını gözləyirik".
Qeyd edək ki, növbəti Azərbaycan Qran-Prisi 2018-ci il 27-29 apreldə Bakının mərkəzi küçələrində, dünya çempionatı isə 14 iyun-15 iyulda Rusiyada təşkil olunacaq.
E.Ə.
www.oxu.az