Amerikalı rejissor Maykl Mann Los-Ancelesdəki atıcılıq poliqonunda olarkən ehtiyatsızlıqdan öz ayağından güllə yarası alıb.
Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, 83 yaşlı rejissor təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Nəşrin mənbəsinin məlumatına görə, Mann silahı qobura qoymağa çalışarkən təsadüfən atəş açılıb və güllə onun ayağına dəyib.
Los-Anceles polisi atəşin təlim məşqi zamanı təsadüfən açıldığını təsdiqləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin zərərçəkənin özünə xəsarət yetirmək niyyətində olmadığını və xəstəxanaya stabil vəziyyətdə çatdırıldığını bildiriblər.
Rejissorun nümayəndəsi daha sonra Mannın yüngül xəsarət aldığını açıqlayıb. Ona lazımi tibbi yardım göstərilib və xəstəxanadan evə buraxılıb.
Maykl Mann "Döyüş", "Oğru", "İnsan ovçusu", "Şərik" və "Öz adamı" kimi kriminal dram filmlərinin rejissoru kimi tanınır. Onun son tammetrajlı filmi 2023-cü ildə Adam Drayver və Penelopa Kruzun iştirakı ilə ekranlara çıxan "Ferrari" olub.
Hazırda rejissor Al Paçino və Robert De Nironun rol aldığı 1995-ci il istehsalı "Döyüş" filminin davamı və hadisələrdən əvvəlki dövrü əhatə edən "Döyüş 2" filmi üzərində işləyir.