Bu günlərdə yerli mətbuatda müğənni Emin Ağalarovun qızıl Lamborghini alması barədə informasiya yayıldı.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatın yayılmasına İnstagram-da Eminin adından yerləşdirilmiş fotoşəkil səbəb olmuşdu.
Belə ki, Emin Ağalarovun adından yerləşdirilmiş həmin fotoşəkildə qızılı rəngli Lamborghini markalı avtomobilin altından yazılmışdı: “My new car lamborghini gold” (“Mənim yeni qızıl Lamborghini-m).
Öz növbəsində, Eminin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, müğənninin qızıl Lamborghini alması barədə məlumat həqiqətə uyğun deyil.
Həmçinin onu da qeyd edək ki, Eminin qızıl Lamborghini alması barədə xəbərlər Birləşmiş Ərəb Əmirliklərində eyni markalı avtomobilin real, qızıldan hazırlanmış modelinin satışa çıxarılması barədə məlumatlar əsasında yayılmışdı.
Belə ki, Dubayda saf qızıldan, platindən və brilliantdan hazırlanmış Lamborghini Aventador LP 700-4 7,3 milyon dollara satışa çıxarılıb.
Onu da qeyd edək ki, bu günlərdə Rusiya radioefirində Eminin yeni kompozisiyası – “Amor” sinqlinin rusdilli versiyasının təqdimatı keçirilib.
Yaxın iki həftə ərzində yeni videoklip təqdim olunacaq. Klipin çəkilişləri bu həftə Moskvada, Miss Universe 2012 titulunun sahibi Oliviya Kalponun (Olivia Culpo) iştirakı ilə baş tutub.
www.oxu.az