Məhşur müğənni Emin Ağalarov Londonun Metro qəzetinə müsahibə verib.
Oxu.Az BBC istinadən xəbər verir ki, çərşənbə axşamı Londonun Metro qəzetində nəşr olunan müsahibəsində Emin Ağalarov Bakıda keçirilən Eurovision mahnı müsabiqəsində çıxış etməsindən, aldığı ən bahalı əşyadan və Dünya Gözəli müsabiqəsinə yanaşmasından danışıb:
“Bəzi adamlar deyir ki, bu çıxış imkanını sizə prezidentin kürəkəni olduğunuza görə veriblər”.
“Bunun rolu olubmu” sualına cavab olaraq isə o deyib ki, bu çıxış Azərbaycanda “ən böyük sənətçi” olmasının “rasional, məntiqli” nəticəsi idi.
“Mən Azərbaycanda ən böyük sənətçiyəm. Əgər qayınatam prezident olmasaydı da, mən bütün hallarda orada (Eurovision müsabiqəsində) olacaqdım. İki interval oldu, mən onlardan yalnız birində çıxış etdim. Mənim orada iştirakım rasional və məntiqli idi”, - deyə, Emin bildirib.
Emin Ağalarov hazırda Amore adlı yeni mahnısını təbliğ etmək üçün Britaniyadadır və mahnının klipində Dünya Gözəli 2012 seçilmiş Olivia Culpo çəkilib.
Müsahibədə həmçinin Dünya Gözəli müsabiqələri və Olivia Culpo-nun klipdə çəkilməsi barədə danışılır.
“O, möhtəşəm və çox dəstəkləyici insandır. O, klipdə çəkildi və onu təbliğ etmək üçün Rusiyaya gəldi. Gələn Dünya Gözəli müsabiqəsi Moskvada keçiriləcək deyə bu, məntiqlidir.”
Gözəllik müsabiqələrinin “mübahisəli” olması barədə fikirlərə münasibət bildirən müğənni deyir ki, Dünya Gözəli müsabiqəsinin “mükəmməl reputasiyası var”.
“Gözəllik müsabiqəsinə qarşı necə etiraz etmək olar? Əminəm ki, etirazlar heç baş verməyəcək. Belə bir şeyin baş verməsi barədə heç eşitməmişəm.”
Emin Ağalarov həmçinin aldığı “ən ekstravaqant” əşya barədə sualı cavablandıraraq Harley Davidson motosikletini qeyd edir.
“O qədər çox ekstravaqant alışlar etmirəm”, o deyir.