Amerikalı müğənni və aktrisa Hilari Daff 10 il fasilədən sonra ilk albomunu buraxacaq.
Oxu.Az "Variety"yə istinadən xəbər verir ki, kino ulduzunun sayca altıncı studiya albomu olan "Luck...or Something" 20 fevral 2026-cı ildə "Atlantic Records" vasitəsilə satışa çıxarılacaq.
İfaçının sözlərinə görə, albomun adı onun həyat yoluna dair düşüncələrini əks etdirir.
Daff yeni albomu ilə konsert turuna da çıxacaq. O, 19 yanvarda Londonda, ardınca Torontoda (24 yanvar) və Bruklində (27 yanvar) konsertlər verəcək və 29 yanvarda Los-Ancelesdə öz turunu başa vuracaq.
Qeyd edək ki, Hilari Daff "Lizzi Makquayr" (2001-2004) serialı, "Agent Kodi Benks" (2003), "Zoluşka hekayəsi" (2004), "Superstar" (2004), "Real qızlar" (2006), "Böyük oyun" (2008), "Ehtiyat şüşə" (2009), "Qreta" (2009) və bir çox digər filmləri ilə tanınır.