Daha çox P.Diddi kimi tanınan və həbsdə olan repçi Şon Kombs yenidən qalmaqalın mərkəzinə düşüb - indi o, yetkinlik yaşına çatmayan artistə cinsi təcavüz etməkdə ittiham olunur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Post" nəşri Kaliforniyada qaldırılan yeni məhkəmə iddiasına istinadən məlumat verib.
İddiaçının versiyasına görə, hadisə hələ 2007-ci ilin may ayında Hollivud təpələrində keçirilən ziyafət zamanı baş verib. Keçmiş gənc aktyor iddia edir ki, repçi onu sərxoş edib, daha sonra potensial layihələr haqqında şəxsi söhbət üçün arxa otağa aparıb.
Məhkəmə sənədlərində bildirilir ki, Kombs son dərəcə çirkin davranış sərgiləyib və zərərçəkmişə qəsdən mənəvi zərər verib. İddiaçının sözlərinə görə, musiqiçi ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. İddia ərizəsində zərərçəkmişin dəqiq yaşı açıqlanmır, lakin bildirilir ki, həmin vaxt onun 18 yaşı tamam olmayıbmış.
Repçinin vəkili Cuda Enqelmayer artıq bütün irəli sürülən ittihamları yalan və absurd adlandırıb. Məşhurun nümayəndəsi vurğulayıb ki, onun müştərisi heç vaxt uşaqları cinsi əlaqəyə məcbur etməyib, iddiaçılar isə sadəcə olaraq onun səs-küylü işi üzərindən qazanc əldə etməyə çalışırlar.
Xatırladaq ki, 56 yaşlı Şon Kombs hazırda fahişəliklə əlaqəli cinayətlərə görə 50 aylıq həbs cəzası çəkir və onlarla oxşar iddialar üzrə məhkəmə prosesini gözləyir.