Xəbər verdiyimiz kimi, mətbuatda tanınmış müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun nişanının pozulması, sevgilisindən ayrılması haqqında xəbərlər öz əksini tapıb.
İyunun 28-i paytaxt restoranlarının birində kiçik qızı Yağmura təmtəraqlı doğum günü keçirən ifaçı, böyük qızı Aysun barəsində yazılan xəbərlərlə bağlı Oxu.Az-a açıqlama verib:
“Qızımın nişan mərasimi baş tutdu ki, pozulsun? Ayıbdır, işin əslini bilmədən, araşdırmadan necə belə xəbərlər yaza bilirlər?!
Mən müsahibələrimdən birində belə demişdim: “Əlbəttə, övladımın xoş gününü gizlətməyəcəyəm. Ola bilsin ki, Aysunun nişanını da Yağmurun doğum günü ilə bir vaxta saldıq, amma hələ dəqiq deyil”.
Lakin Aysun və Ali Türkiyədəki işləri ilə əlaqədar iyunun 28-i Bakıya gələ bilmədilər və biz nişan tarixini dəyişməyə qərar verdik.
Zamanı gəldikdə jurnalistlərə nişan haqqında məlumat veriləcək. O vaxta qədər öyrənmədən, araşdırmadan övladımın gələcəyi ilə bağlı cəfəngiyat xəbərlər yazıb, onun adını hallandırmayın!”.
Qeyd edək ki, məşhurun gələcək kürəkəni Ali də öz şəxsi İnstaqram hesabında yayılan xəbərin yalan olduğunu bildirib.
Aytən Sadıqzadə
www.oxu.az