Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Arno Xidirbeqişvili: "Gürcüstanın Azərbaycandan başqa müttəfiqi yoxdur"
Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT) "Xarici təsirin şəffaflığı haqqında" Qanuna əməl etməyəcəklərini bildiriblər. Üstəlik, onlar qanun ləğv olunana qədər aksiyanı davam etdirəcəklərinə söz veriblər. Bir çox analitiklər artıq Gürcüstanda baş verənləri "Maydan"la - növbəti rəngli inqilab cəhdi ilə müqayisə edirlər.
Eyni zamanda, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, ölkəsində heç bir "Maydan" olmayacaq.
"Bizim diqqət etməli olduğumuz ən vacib məsələ ölkəmizin müstəqilliyidir, çünki başqa heç kim ölkəmizin maraqlarının müdafiəsi üçün məsuliyyət daşıya bilməz", - baş nazir bildirib.
Bundan əlavə, onun sözlərinə görə, qəbul edilmiş "Xarici təsirin şəffaflığı haqqında" Qanun ölkənin suverenliyini gücləndirəcək.
Gürcüstanlı politoloq, "Qruzinform" agentliyinin baş redaktoru Arno Xidirbeqişvili ölkəsində baş verən son hadisələri Oxu.Az-a şərh edib.
- Gəlin Gürcüstan QHT-lərinin "Xarici təsirin şəffaflığı haqqında" Qanuna tabe olmaqdan imtina etməsindən başlayaq. Bundan sonra nə olacaq?
- Maliyyələşdirməsi 20% və daha çox xarici qrantlardan asılı olan QHT-lər sentyabr ayında doldurulmuş bəyannamələri təqdim etməsələr, külli miqdarda cərimə olunacaqlar. Bizdə cinayət məsuliyyəti yoxdur və Gürcüstanın qanunu ilə xarici analoqlar arasında fərq məhz bundadır, lakin cərimələr kifayət qədər böyükdür.
- Bəs Prezident Salome Zurabişvilinin hansısa referendum keçirmək ideyası barədə nə düşünürsünüz? O, artıq "Avropa gələcəyi, yoxsa Rusiya əsarətini istədikləri"nə qərar verməli olan vətəndaşlardan imza toplamağa çağırıb.
- O, "Gürcü Xartiyası" adlandırdığı hərəkətlər planını elan edib. Referendum dedikdə, oktyabrda keçiriləcək parlament seçkisini nəzərdə tuturdu. Prezidentin fikrincə, Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasına (GA) səs verən kəs Gürcüstanın "Rusiya gələcəyi" tərəfdarıdır. Bu gün müxalifətə səs verib "Gürcü Xartiyası"nı imzalayanlar isə (o əmindir ki, 500 min imza, üstəlik, Qərbin və gürcü diasporunun dəstəyi olacaq) "Avropa gələcəyi"nin tərəfdarıdırlar. Salome Zurabişvili hesab edir ki, bundan sonra parlament "referendum"un nəticələrinin həyata keçirilməsi üçün tədbirlər görəcək, bütün dövlət orqanlarında "islahat" aparacaq və tezliklə yeni növbədənkənar seçki elan edəcək.
- Yəni söhbət əsl referendumdan getmir?
- Prezident müstəqil olaraq istər öz istəyi, istərsə də fərmanı ilə referendum elan edə bilməz. Bunun üçün baş nazirin də iştirakı lazımdır.
- "Xarici təsirin şəffaflığı haqqında" Qanuna görə Gürcüstanla Qərb (ABŞ, Fransa, Avropa İttifaqı) arasında nə dərəcədə qalmaqal yaşanıb?
- ABŞ ilə münasibətlərin kəskinləşməsi orada hakimiyyət dəyişməyənə qədər davam edəcək. Eyni şey Avropa ölkələrinə də aiddir. Qərb ölkələri "Xarici təsirin şəffaflığı haqqında" Qanunun müddəalarını müzakirə etməyi belə özlərinə sığışdırmadılar. Onlar bunun, sadəcə olaraq, "Rusiya qanunu" kimi ləğv edilməsini tələb etdilər. Bununla belə, aydındır ki, Gürcüstan sənədi Qərbdə oxunmayıb. Çətin ki, nə Prezidentimiz Salome Zurabişvili, nə də Tbilisinin Rustaveli prospektinə çıxan müxalifət bu qanunu oxusun.
- Mən bu qanunu hələ qanun layihəsi olanda oxumuşdum. Mənə elə gəldi ki, o, tamamilə "yumşaq" bir sənəddir. Bəs Qərb niyə belə sərt reaksiya verdi?
- Söhbət Gürcüstandan, Rusiyadan, hətta Azərbaycandan gedir. Qərb Gürcüstanı itirmək istəmir, çünki "3+3" platformasının, demək olar ki, bütün ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran) Rusiyanın ya müttəfiqi, ya da tərəfdaşıdır. Mən Azərbaycan, Türkiyə və İranı nəzərdə tuturam. Gürcüstan və Azərbaycansız Ermənistanın heç bir mənası yoxdur, çünki Bakı və Tbilisi haradadırsa, İrəvan da orada olacaq.
12 il ərzində Qərbin Gürcüstanda hakim qüvvə olan Gürcü Arzusunu dəyişmək üçün heç bir əsası yox idi. GA itaətkarlıqla bütün göstərişlərə əməl edirdi. Lakin sonra Gürcü Arzusu Rusiyaya qarşı hərbi əməliyyatlara başlamaqdan imtina edərək itaətkarlıqdan çıxdı. Bundan başqa, Tbilisi Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyib. Məhz həmin vaxt (Qərbdə - red.) bu hakimiyyəti dəyişmək qərarı verildi. Mixail Saakaşvilinin prezidentliyindən sonra əllərində olan yeganə alət qeyri-hökumət təşkilatları və KİV idi. Yeni qanun isə onların maliyyələşdirilməsini şəffaflaşdırır. Hər bir Gürcüstan vətəndaşı Dövlət Reyestrinin saytından bu və ya digər QHT və KİV tərəfindən neçə milyonun və hansı məqsədlər üçün alındığını öyrənə bilər. Ona görə də indi bu hadisələr baş verir.
Azərbaycana gəlincə isə, əgər Qərb Tbilisiyə nəzarət edirsə, dolayı yolla Bakıya da təzyiq göstərə bilər, çünki Azərbaycandan Türkiyəyə, oradan da Avropaya gedən magistral kəmərlər və kommunikasiyalar məhz Gürcüstandan keçir. Hətta Çinin "Bir kəmər, bir yol" layihəsi də Şimal-Cənub nəqliyyat dəhlizinin marşrutlarından biri ölkələrimizlə bağlıdır.
Mən yenə də böyük manqan filizləri, şirin su və qızıl ehtiyatlarına görə qiymətli olan Gürcüstana qayıdacağam. Bundan əlavə, Gürcüstan Rusiya ilə həm quru, həm də dəniz yolu ilə həmsərhəddir, ona görə də Gürcüstan limanları, demək olar ki, hazır hərbi bazalardır.
Cənubi Qafqazı necə fəth etmək olar? Onlar (Qərb - red.) Azərbaycana yaxınlaşa bilmirlər. Sizin güclü ölkəniz, güclü hökumətiniz və Türkiyə kimi güclü müttəfiqiniz var. Gürcüstan və Ermənistan qalır. Gürcüstanda onlarda hər şey alınırdı, ancaq son vaxtlara qədər, indi vəziyyət dəyişib. Ermənistanda onlar asanlıqla vəziyyəti dəyişə bildilər və o, tək (Qərbin təsiri altında - red.) qaldı. Amma Rusiya ilə Ermənistanı birləşdirən bütün nəqliyyat marşrutları və qaz kəmərləri Gürcüstan ərazisindən keçir, ona görə də Qərb Gürcüstanı itirmək istəmir. Amma Gürcüstan hakimiyyəti artıq itaət etmir və qeyd etdiyim kimi, QHT-lər və media onları aradan qaldıracaqlar. Amma yeni qanun onların maliyyələşməsinə mane olur. Bu qədər.
- Bəs Qərb Gürcüstan hökumətini dəyişməyə nail olacaqmı?
- Çox ciddi qüvvələr cəlb olunub. Heç vaxt Azərbaycandan başqa müttəfiqi olmayan kiçik Gürcüstana qarşı bütün kollektiv Qərbin belə bir birgə hücumu olmamışdı. Bu, bizim üçün çox çətin olacaq, amma bu, prinsip məsələsidir, çünki gürcü xalqının mentalitetinə və hakimiyyətin nüfuzuna təsir edəcəklər. Ona görə də düşünürəm ki, onlarda heç nə alınmayacaq.
Nair Əliyev
"Gürcüstan" teqi üzrə xəbərlər
- Gürcüstan Baş naziri Qərbə meydan oxudu: Qomelauri baş nazirin müavini təyin edilib
- Kobaxidze Zurabişvilinin AP-dəki bəyanatlarını absurd adlandırdı: "İlk dəfədir belə bir şey görürəm"
- Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi tədarükünə hazır olduqlarını təsdiqləyiblər
- Gürcüstan baş naziri: "Ölkədə dördüncü inqilab cəhdinin qarşısını aldıq"
- İrakli Kobaxidze: "Bir ölkədə de-fakto üç prezident ola bilməz"