Pərviz Heydərov yazır...
İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin 17-ci Zirvə toplantısının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mərkəzi Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə Bakıda keçirilib.
Dövlət başçımız İlham Əliyev də açılışda qeyd etdi ki, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsi xüsusi məna kəsb edir. "Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim", - deyə Prezident bildirib.
Xatırladım ki, müstəqilliyimizi bərpa etdikdən sonra ilk daxil olduğumuz qurumlardan biri məhz İqtisadi Əməkdaşlıq Təşkilatı olub. ECO 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış hökumətlərarası regional təşkilat sayılır. Bu qurum, 1964-cü ildən 1979-cu ilədək mövcud olmuş İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının xələfi hesab olunur.

1992-ci ildə sözügedən təşkilata Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və o cümlədən ölkəmiz də daxil oldu və bununla onun üzvlərinin sayı 10-a çatdı. Təşkilatın kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika və narkotik maddələrin yayılmaması məsələləri üzrə 8 texniki komitəsi fəaliyyət göstərir. Komitələr ildə bir dəfə toplanır və İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.
ECO-ya daxil olan hər bir ölkənin çox böyük potensialı var. Söhbət həm resurs, həm də ümumiyyətlə iqtisadi inkişaf üçün zəruri olan bütün növ imkanlardan gedir. Bunu gerçəkləşdirməyin ən uyğun vasitələrindən biri əməkdaşlıqdır və bu səbəbdən təşkilata üzv ölkələr arasında qarşılıqlı əlaqələr və ticarət münasibətləri durmadan geniş sferalara yayılmalıdır.
Məsələn, Azərbaycanın nəqliyyat sahəsində yaratdığı infrastruktur ölkəmizi Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətləri arasında mühüm və həlledici, həmçinin əlverişlilik baxımından ən alternativsiz mərkəzə - tranzit vasitəsinə çevirib. Hansı ki, bütün bunlar çoxdan göz qarşısındadır. Bundan yararlanmaq qeyd olunan istiqamət üzərində yerləşən demək olar ki, bütün ölkələrin marağındadır. Sadəcə, bu potensialdan istifadə etmək lazımdır.
Misal olaraq götürək Özbəkistanı. Özbəkistan Mərkəzi Asiyanın ən önəmli ölkələrindən biridir. Odur ki, Özbəkistan tərəfi ilə ölkəmiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası şübhəsiz, ölkəmizin mövcud iqtisadi-siyasi və regional əhəmiyyətini indikindən bir az da çox artıra bilər və artıracaq da...
Çünki, Mərkəzi Asiya ölkələrinin Xəzər üzərindən Qərbə çıxışı baxımından Azərbaycanın həqiqətən də çox böyük geoiqtisadi üstünlükləri var. Təkrar edirəm, bundan sadəcə istifadə etmək və yararlanmaq lazımdır. Odur ki, ikitərəfli müntəzəm dialoqların və koordinasiyanın zəruriliyi çox da geniş izahat tələb etmir. Bu, bütün tərəflər üçün yalnız fayda gətirə bilər və bütövlükdə regional inkişafa gətirib çıxarar.
Təbii ki, nəticədə də Azərbaycanımızın tranzit gəlirləri artar və davamlı olaraq dividendlər qazana bilər. Yeri gəlmişkən, bu ilin yanvar-may aylarında Azərbaycanla ECO-ya üzv ölkələr arasında ticarət dövriyyəsi 3.5 milyard ABŞ dollarına çatıb. Bu da onu deməyə əsas verir ki, ticarət əlaqələri regional inteqrasiyanın əsasını təşkil edir və son illər bu sahədə hər bir ölkənin biznes sferası üçün müsbət nəticələr əldə olunub. Təkcə ölkəmizdə illik müqayisədə 10% artım qeydə alınıb.
Azərbaycan hökuməti bu dinamikanı ikitərəfli sazişləri artırmaq yolu ilə inkişaf etdirir. Belə ki, ölkəmizin hazırda ECO-ya üzv beş ölkə ilə azad və həm Türkiyə, həm də Pakistanla preferensial ticarət sazişləri vardır. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin qeyd etdiyi kimi, maneələri bu cür azaltmaq və bazarları açmaqla bütün region boyunca ticarət daha da güclənmiş olur. Həmçinin, dövlətlərarası investisiya əməkdaşlığı da əhəmiyyətli rol oynaya və təsir göstərə bilər.
Yeri gəlmişkən, bu il iyunun 1-nə olan məlumata görə ECO ölkələrindən 10 mindən çox şirkət Azərbaycanda aktiv fəaliyyət göstərir. 1995-ci ildən bəri bərabər üzv dövlətlərdən Azərbaycana 22 milyard ABŞ dollarından çox investisiya qoyulub.